Rusiyada Kremlin internet üzərində tam nəzarət yaratmaq və müstəqil şəbəkələri məhdudlaşdırmaq cəhdləri, iqtisadiyyatda gözlənilməz və fəsadlı bir trendə yol açıb: ölkədə sürətlə nağdlaşma prosesi gedir və insanlar köhnə qaydalara qayıdırlar.

"AzPolitika" xəbər verir ki, Rusiya kassa operatorlarının rəsmi məlumatlarına görə, 2026-cı ilin aprel ayında ölkədə nağd ödənişlərin (rəsmi kassadan keçən) payı 30%-ə çatıb. Müqayisə üçün qeyd edək ki, həm ötən ilin eyni dövründə, həm də cari ilin yanvarında bu göstərici 25% civarında idi. Cəmi bir neçə ay ərzində nağd pula qayıdışın belə kəskin artması Rusiyanın rəqəmsal iqtisadiyyatında böhranın göstəricisidir.

Ekspertlər bu geriləmənin bir neçə əsas səbəbini qeyd edirlər:

Kremlin interneti bloklamaq, VPN xidmətlərini sıradan çıxarmaq cəhdləri bank və kassa infrastrukturuna ağır zərbə vurub. İnternet kəsildikdə və ya zəiflədikdə ticarət obyektlərində POS-terminallar vasitəsilə ödəniş etmək qeyri-mümkün olur.

Vergi sıxıntıları və nəzarət qorxusu: Rusiya Vergi Xidmətinin son zamanlar sahibkarları həddindən artıq sıxışdırması, biznes üzərində nəzarətin birə-beş artması həm mağaza sahiblərini, həm də müştəriləri rəqəmsal iz buraxmayan nağd hesablaşmalara keçməyə vadar edir.

Hökumət bir tərəfdən hər bir qəpiyə nəzarət etmək istəyir, digər tərəfdən isə atdığı repressiv addımlarla iqtisadiyyatı şəffaflıqdan uzaqlaşdırıb yenidən 90-cı illərin nağd sisteminə qaytarır.

Rasim

"AzPolitika.info"