ABŞ müdafiə naziri Pit Heqsetin Kubadakı Quantanamo hərbi bazasına səfəri Vaşinqton-Havana münasibətlərini yenidən gündəmə gətirib. Heqset ABŞ ordusunun mümkün bütün ssenarilərə hazır olduğunu bildirərək, Kubanın gələcəyi ilə bağlı yekun qərarın ABŞ Prezidenti Donald Trampın səlahiyyətində olduğunu vurğulayıb.

Quantanamo körfəzində yerləşən ABŞ hərbi-dəniz bazasında çıxış edən nazir bildirib ki, Kuba rəhbərliyi mühüm qərarlar qarşısındadır və Vaşinqton vəziyyəti yaxından izləyir. Onun sözlərinə görə, ABŞ Müdafiə Nazirliyi istənilən fövqəladə vəziyyət üçün müxtəlif variantlar hazırlayır, lakin hərbi əməliyyatlarla bağlı son qərarı ölkə prezidenti verir.

Heqset həmçinin Kubanı ABŞ ərazisini və ya Quantanamo bazasını hədəfə ala biləcək silahlar əldə etməkdən çəkinməyə çağırıb. O bildirib ki, belə addım Havananın tab gətirə bilməyəcəyi qarşıdurmaya səbəb ola bilər. ABŞ rəsmisi ölkəsinin hərbi imkanlarının dünyada bənzərinin olmadığını iddia edib.

Nazir çıxışında ABŞ ordusunun “istənilən mümkün vəziyyətə” hazır olduğunu da vurğulayıb. Onun sözlərinə görə, Kubanın gələcəyi həm ABŞ rəhbərliyinin, həm də Kuba hakimiyyətinin atacağı addımlardan asılı olacaq.

"AzPolitika.info"