ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026 FIFA Dünya Kubokunda qrup mərhələsinin təqvimi futbolsevərlərə bir sıra maraqlı qarşılaşmalar vəd edir.
Həmin maraqlı oyunları təqdim edirik:
Braziliya – Mərakeş
14 iyun tarixində keçiriləcək görüşdə turnirin əsas favoritlərindən olan Braziliya son illərin yüksəlişdə olan komandalarından Mərakeşlə üz-üzə gələcək. 2022-ci il Dünya Kubokunda yarımfinala yüksələrək tarix yazan Mərakeş növbəti dəfə iddiasını ortaya qoymağa çalışacaq.
Fransa – Seneqal
16 iyunda baş tutacaq qarşılaşma 2002-ci il Dünya Kubokunun açılış matçını xatırladacaq. Həmin vaxt Seneqal son dünya çempionu Fransanı sensasiyalı şəkildə məğlub etmişdi.
İngiltərə – Xorvatiya
2018-ci il Dünya Kubokunun yarımfinalının təkrarı kimi qiymətləndirilən bu oyunda İngiltərə və Xorvatiya qarşılaşacaq. Xorvatlar həmin turnirdə ingilislərin final arzusuna son qoymuşdu.
Bosniya və Herseqovina – İsveçrə
18 iyunda keçiriləcək görüş təkcə futbol baxımından deyil, sosial və mədəni aspektləri ilə də diqqət çəkir. Qarşılaşmanın yüksək rəqabət şəraitində keçəcəyi gözlənilir.
Niderland – İsveç
20 iyun tarixində Avropa futbolunun iki fərqli məktəbi üz-üzə gələcək. Niderlandın texniki və hücumameyilli oyunu İsveçin nizam-intizamlı futboluna qarşı sınanacaq.
Almaniya – Fil Dişi Sahili
Qrup mərhələsinin maraqlı oyunlarından birində Almaniya Afrika təmsilçisi Fil Dişi Sahili ilə qarşılaşacaq. Oyunda Avropa futbolunun intizamı ilə Afrika futbolunun sürəti və atletizmi üz-üzə gələcək.
Argentina – Avstriya
22 iyunda son dünya çempionu Argentina Avstriya ilə münasibətlərə aydınlıq gətirəcək. Mütəxəssislər bu görüşü Argentina üçün qrup mərhələsinin ən çətin sınaqlarından biri hesab edirlər.
Şotlandiya – Braziliya
25 iyunda keçiriləcək qarşılaşma 1998-ci il Dünya Kubokunun açılış oyununu xatırladacaq. Favorit hesab olunan Braziliyaya qarşı Şotlandiyanın müqavimət göstərməyə çalışacağı gözlənilir.
Uruqvay – İspaniya
26 iyun tarixində futbol tarixinin iki önəmli komandası üz-üzə gələcək. İlk dünya çempionu Uruqvay ilə 2010-cu ilin dünya çempionu İspaniyanın dueli qrup mərhələsinin ən nüfuzlu qarşılaşmalarından biri sayılır.
Norveç – Fransa
Qrup mərhələsinin son hissəsində keçiriləcək görüşdə Fransa dünya çempionatına qayıdan Norveçlə qarşılaşacaq. Bu oyunun qrup sıralamasına ciddi təsir göstərə biləcəyi bildirilir.
2026 FIFA Dünya Kuboku iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 milli komanda iştirak edəcək.
"AzPolitika.info"

Şərhlər