Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Vətəndaş Müqaviləsi” partiyasının parlament seçkilərində qazandığı qələbə münasibətilə Baş nazir Nikol Paşinyana təbrik məktubu ünvanlayıb.

"AzPolitika" xəbər verir ki, təbrik məktubunda deyilir:

“Xalqım adından və şəxsən öz adımdan Sizi rəhbərlik etdiyiniz "Vətəndaş Müqaviləsi" partiyasının 7 iyun 2026-cı il tarixində Ermənistan Respublikasında keçirilmiş parlament seçkilərində qazandığı uğur münasibətilə ürəkdən təbrik edir, üçüncü dəfə hökuməti formalaşdırmaq fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.

Bölgədə uzunmüddətli sülhün və sabitliyin bərqərar olunması, eləcə də bu istiqamətdə zəruri əməkdaşlığın təmin edilməsi ilə bağlı strateji baxışınızın uğurla reallaşacağına tam əminəm. Fürsətdən istifadə edərək, Sizə bir daha cansağlığı və rifah, Ermənistan xalqına isə tərəqqi və xoşbəxtlik arzulayıram”.

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də Nikol Paşinyana təbrik məktubu göndərib. Şərif Pakistan-Ermənistan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Paşinyanla əməkdaşlıq imkanlarını səbirsizliklə gözlədiyini qeyd edib.

Məktubda vurğulanır:

“Xüsusi olaraq qeyd etmək istərdim ki, Pakistan Azərbaycan ilə Ermənistan arasında sülhə və konstruktiv əməkdaşlığa böyük əhəmiyyət verir”.

O, həmçinin ümidvar olduğunu bildirib ki, Ermənistan Baş nazirinin yeni səlahiyyət müddəti Cənubi Qafqazda sülhün, sabitliyin və iqtisadi tərəqqinin möhkəmlənməsinə töhfə verəcək.