Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov keçirilən dinləmələrdə geniş məruzə ilə çıxış edib. Komitə sədri çıxışında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycanın kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın ölkəmizin gələcək iqtisadi inkişaf strategiyasındakı mühüm rolundan bəhs edib.

"Aqrar siyasət milli təhlükəsizlik sisteminin vacib komponentidir"

Sadiq Qurbanov bildirib ki, son illərdə qlobal ərzaq bazarlarında müşahidə olunan qiymət dəyişiklikləri, iqlim amilləri, logistik zəncirlərdəki çətinliklər və geosiyasi proseslər kənd təsərrüfatının strateji əhəmiyyətini daha da artırıb. XXI əsrdə dövlətlərin sabitliyinin birbaşa ərzaq təhlükəsizliyi ilə bağlı olduğunu vurğulayan deputat, aqrar siyasətin artıq milli təhlükəsizlik sisteminin əsas tərkib hissələrindən biri kimi qəbul edildiyini diqqətə çatdırıb.

"Uğurun meyarı torpağın genişliyi yox, səmərəli idarəetmə və innovasiyadır"

Müasir dünyanın iqtisadi reallıqlarına toxunan komitə sədri Nobel mükafatı laureatı Teodor Şults və tanınmış iqtisadçı Maykl Porterin nəzəriyyələrinə istinad edib. 

O qeyd edib ki, bu gün dövlətlərin uğuru torpaqların genişliyi ilə deyil, insan kapitalı, bilik, texnologiya və yaradılan əlavə dəyərlə ölçülür: "Azərbaycan təxminən 4,8 milyon hektar kənd təsərrüfatına yararlı torpaq fonduna malikdir ki, bu da bir çox Avropa ölkəsindən çoxdur. Qarşıda duran əsas vəzifə isə bu torpaqlardan maksimum səmərəliliklə istifadə etmək, elmi yenilikləri istehsalata tətbiq etməklə yüksək əlavə dəyər yaradan aqrar model formalaşdırmaqdır. Məsələn, ərazisi Azərbaycanın yarısı qədər olan Hollandiya innovativ istixana sistemləri, rəqəmsal texnologiyalar və aqrologistika sayəsində dünyanın ən böyük aqrar ixracatçılarındandır. Böyük hissəsi quraq zonalardan ibarət olan İsrail isə damcı suvarma texnologiyası ilə dünyanın ən məhsuldar aqrar sistemlərindən birini qurub. Bu nümunələr resursların idarə olunma keyfiyyətinin önəmini göstərir."

Emal sənayesi və əlavə dəyər zənciri

Sadiq Qurbanov çıxışında xammal istehsalından daha çox emal sənayesinin inkişaf etdirilməsinin vacibliyini əsaslandırıb. Meyvə, tərəvəz, süd və ət məhsullarının emal olunaraq bazara çıxarılmasının yeni iş yerlərinin yaradılmasına və ixrac imkanlarının genişlənməsinə birbaşa töhfə verəcəyini qeyd edən komitə sədri, Dövlət Proqramında bu sahəyə xüsusi diqqət ayrılmasının strateji əhəmiyyət daşıdığını bildirib.

Balıqçılıq və akvakultura sahəsində böyük potensial

Dünya iqtisadiyyatında akvakulturanın ən sürətlə inkişaf edən sahələrdən biri olduğunu deyən deputat, bu istiqamətdə Norveç və Vyetnam nümunələrini qeyd edib. O vurğulayıb ki, Azərbaycanın Xəzər dənizinə çıxışı, zəngin su ehtiyatları və əlverişli təbii şəraiti balıqçılıq sahəsində geniş imkanlar yaradır və Dövlət Proqramı bu potensialın real iqtisadi nəticələrə çevrilməsinə xidmət edəcək.

Yaşıl texnologiyalar və iqlim çağırışları

Müasir dövrün əsas çağırışlarından olan iqlim dəyişikliyinə də toxunan Sadiq Qurbanov, su ehtiyatlarının idarə olunması, torpaq münbitliyinin qorunması və yaşıl texnologiyaların tətbiqinin Dövlət Proqramında prioritet istiqamətlər kimi yer aldığını bildirib.

Komitə sədri əminliyini ifadə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu ardıcıl siyasət nəticəsində Azərbaycan yaxın illərdə yüksək məhsuldarlığa əsaslanan, innovativ və beynəlxalq bazarlarda rəqabət qabiliyyəti yüksək olan güclü aqrar iqtisadiyyat formalaşdıracaqdır.

"AzPolitika.info"