İyunun 11-də Bakı şəhəri növbəti nüfuzlu və beynəlxalq səviyyəli platformaya ev sahibliyi edib. Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) dünyada tanınan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib. “Dayanıqlılıq və Enerji Transformasiyası” mövzusuna həsr olunmuş bu forum dövlət rəsmilərini, aparıcı biznes nümayəndələrini və beynəlxalq ekspertləri bir araya gətirərək, elm, texnologiya və innovasiyaların sənayenin gələcəyindəki rolunu masaya yatırıb.
İnnovasiya, elm və tənzimləmə siyasəti ətrafında qlobal dialoqu təşviq edən bu forumlar silsiləsi, cari ildə artıq ABŞ və İsveçdə də uğurla təşkil olunub. Növbəti dayanacağın Bakı olması Azərbaycanın regional və qlobal müzakirələrdəki strateji çəkisini bir daha nümayiş etdirir.
Forumda xüsusi olaraq vurğulanıb ki, elmi əsaslara söykənən texnoloji tərəqqi təkcə iqtisadiyyat və biznes modellərini dəyişmir, həm də birbaşa ictimai maraqların təmin olunmasına xidmət edir. İştirakçılar əlverişli innovasiya ekosisteminin qurulması üçün proqnozlaşdırıla bilən tənzimləmə mühitinin və sübutlara əsaslanan siyasət yanaşmalarının vacibliyini qeyd ediblər.
Tədbiri giriş sözü ilə açan AmCham Azərbaycanın Prezidenti cənab Dəyanət Sadullayev innovasiyaya əsaslanan inkişafın sürətləndirilməsi üçün dövlət, özəl sektor və beynəlxalq tərəfdaşlar arasında konstruktiv dialoqun, eləcə də sıx əməkdaşlığın alternativsiz olduğunu bildirib.
Daha sonra forum iştirakçılarını salamlayan Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müşaviri cənab Hüseyn Hüseynov, ölkəmizin iqtisadi inkişaf prioritetlərindən danışıb. O, uzunmüddətli rifahın təmin edilməsində və dayanıqlı iqtisadi modelin qurulmasında qeyri-neft-qaz sektorunun rolunun sürətlə artdığını diqqətə çatdırıb.
Müzakirələrə qatılan PMI şirkətinin MDB regionu üzrə Xarici Əlaqələr Direktoru cənab Aleksey Kim isə çıxışında dövlət-özəl sektor tərəfdaşlığını gücləndirən, innovasiyaları stimullaşdıran və cəmiyyət üçün real fayda yaradan şəffaf tənzimləmə və vergi siyasətinin əhəmiyyətini xüsusi vurğulayıb.
Forumun “Qeyri-neft-qaz sektorunun təşviqi və inkişafı yolu ilə iqtisadi diversifikasiya” mövzusuna həsr olunmuş ilk panel sessiyasında Azərbaycanın iqtisadi transformasiyasını sürətləndirən imkanlar və dövlətin siyasət prioritetləri ətraflı təhlil edilib.
Sessiyanın moderatorluğunu AmCham Azərbaycanın İnnovasiyalar və Rəqəmsal İqtisadiyyat Komitəsinin sədr müavini, "PASHA Financial Holding" şirkətinin İnnovasiyalar üzrə rəhbəri Tuğra Musayeva edib. Paneldə əsas məruzəçilər qismində Energetika nazirinin müavini; Elnur Soltanov, Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) İcraçı Direktoru Fariz Cəfərov çıxış etdilər.

Natiqlər rəqəmsal iqtisadiyyat, sənaye dörd sıfır (4IR) texnologiyalarının tətbiqi və azad iqtisadi zonaların ölkəyə xarici investisiya cəlbindəki rolu barədə mühüm tezislər səsləndiriblər.
Günün ikinci yarısında müzakirələr “Zərərin azaldılması və dayanıqlı inkişaf istiqamətində korporativ transformasiya” mövzusu ilə davam edib. Bu sessiyada qlobal nəhənglərin dəyişən bazar tələblərinə necə uyğunlaşması, dayanıqlılığı artırmaq və uzunmüddətli dəyər yaratmaq üçün elmi nailiyyətlərdən və innovasiyalardan necə faydalandıqları müzakirə olunub.
PMI şirkətinin nümayəndəsi cənab Oleksii Kalyniçenkonun moderatorluğu ilə keçən paneldə maraqlı təqdimatlarla Acwa Power" şirkətinin İcraçı-idarəedici direktoru dr. Uyqar Durgunay, "bp" şirkətinin Transformasiya və Texnologiyalar üzrə meneceri Marianna Kərimova, "PMI" şirkətinin Elmi Fəaliyyətlər üzrə Direktoru Tomoko İida çıxış etdilər.
Sessiyada yaşıl enerji keçidi, dekarbonizasiya və korporativ strukturların texnoloji yenilənməsi ətrafında fikir mübadiləsi aparılıb.
Forum çərçivəsində regional prioritetlərə toxunan PMI şirkətinin Qafqaz regionu üzrə İdarəedici Direktoru Yuri Qordok forumun fəlsəfəsini bu sözlərlə xülasə edib:
“Technovation elmə əsaslanan innovasiyalara və açıq dialoqa sadiqliyimizi əks etdirir. Sübuta əsaslanan tənzimləmə bu prosesdə mühüm rol oynayır, innovasiyaların inkişafı və daha yaxşı alternativlərə çıxış üçün şəffaf və proqnozlaşdırıla bilən fəaliyyət mühiti yaradır”.
Tədbir AmCham Azərbaycanın İcraçı Direktoru cənab Zaur Kərimovun yekun nümayişi və hesabat xarakterli nitqi ilə başa çatıb. O, bu tip qlobal platformaların Azərbaycanın innovativ və gələcəyə yönəlmiş dialoq mərkəzi kimi mövqeyini daha da möhkəmləndirdiyini deyib.

Cənab Kərimov tədbirin ərsəyə gəlməsində əməyi olan bütün spikerlərə, dövlət rəsmilərinə, iştirakçılara və PMI şirkətinə təşəkkür edərək bildirib ki, forumun qazandığı uğur ölkənin dayanıqlı iqtisadi inkişafına, bilik mübadiləsinə yönəlmiş ortaq bir iradənin və öhdəliyin bariz nümunəsidir.
Ümumilikdə 150-dən çox yüksək səviyyəli qonağın, dövlət və biznes elitasının, həmçinin yerli və beynəlxalq media nümayəndələrinin qatıldığı forum, mövzunun aktuallığını bir daha sübut edib.
Xatırladaq ki, Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) ölkənin aparıcı və nüfuzlu biznes assosiasiyasıdır. İqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən 280-dən çox yerli və xarici şirkəti özündə birləşdirir. Palata yarandığı gündən bəri biznes mühitinin təkmilləşdirilməsi, konstruktiv dialoqun qurulması və strateji əməkdaşlıq vasitəsilə dövlət qurumları ilə özəl sektor arasında etibarlı və effektiv körpü rolunu oynayır.
E.Rüstəmli
“AzPolitika.info”

Şərhlər