ABŞ və İran tərəfindən hazırlanan qarşılıqlı anlaşma memorandumu Tehranın nüvə proqramı ilə bağlı konkret həlləri ehtiva etmir.
"Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın "The Guardian" qəzeti adı açıqlanmayan diplomatik mənbəyə istinadən məlumat yayıb.
"Sənəd nüvə mövzusu, eləcə də dondurulmuş İran aktivləri məsələsi üzrə danışıqlar prosesinin davam etdirilməsi üçün zəruri olan mexanizmləri təsvir edir. Orada konkret razılaşmalar yoxdur", - nəşr qeyd edib.
Qəzetin müsahibi həmçinin dəqiqləşdirib ki, memorandumda, ehtimal ki, Hörmüz boğazının minalardan təmizlənməsi üçün müddətlər göstəriləcək. Bununla yanaşı, ABŞ minalardan təmizləmə prosesi tam başa çatana qədər İranın dəniz blokadasını saxlamaq niyyətindədir.
Diplomatın bildirdiyinə görə, memorandumun əsas parametrləri hələ bir neçə həftə əvvəl tərəflər arasında razılaşdırılıb. Bununla belə, mənbə vurğulayıb ki, danışıqlar prosesinin uğurla başa çatacağına heç bir zəmanət yoxdur. Diplomat sövdələşmənin müsbət nəticələnməsi ehtimalını 50 % olaraq qiymətləndirib.
"Əhəmiyyətli dərəcədə potensial maneələr mövcuddur", - o əlavə edib.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirmişdi ki, Vaşinqton və Tehran sövdələşmə barədə razılığa gəlib, lakin İran bu bəyanatı təkzib edib.

Şərhlər