Kiprin Rusiyadakı səfirliyi bu ölkədəki viza mərkəzlərinin fəaliyyətinin dayandırılacağını elan edib. İyunun 15-dən etibarən viza almaq üçün müraciətlər yalnız birbaşa səfirliyin Moskvadakı konsulluq şöbəsinə, həmçinin Sankt-Peterburq, Yekaterinburq və Krasnodardakı baş konsulluqlara edilə bilər.

"AzPolitika" xəbər verir ki, diplomatik missiya bu qərarı viza xidmətləri göstərən "BLS International" şirkəti ilə müqavilə müddətinin iyunun 13-də başa çatması ilə əsaslandırıb.

Məlumata görə, viza mərkəzləri vasitəsilə müraciətlərin qəbulu tamamilə dayandırılır. İyunun 11-nə qədər sənəd vermiş şəxslər pasportlarını müraciət etdikləri mərkəzlərdən geri götürməlidirlər.

Səfirlik yaxın vaxtlarda yeni xarici viza operatoru ilə saziş imzalamağa ümid etdiyini bildirsə də, həmin vaxta qədər bütün sənədlər konsulluqlara şəxsən – orijinal və surətləri ilə birlikdə təqdim olunmalıdır. Həmçinin vətəndaşlara səfərdən ən geci 15 gün əvvəl vizaya müraciət etmək tövsiyə olunub.

Qeyd edək ki, 2025-ci ilin oktyabrından qüvvədə olan biometrik məlumatların (barmaq izi) şəxsən verilməsi tələbi konsulluqların iş yükünü daha da artıracaq. Yeni qaydaların tətbiqindən sonra diplomatik nümayəndəliklərin qarşısında artıq uzun növbələr yaranmağa başlayıb. Maraqlıdır ki, Kipr "BLS International" şəbəkəsini Rusiyada cəmi bir neçə ay əvvəl – 2025-ci il hissinin dekabrında istifadəyə vermişdi.

Hazırda Rusiya vətəndaşları Kiprə həm milli Kipr vizası, həm də digər ölkələrin qüvvədə olan Şengen vizası ilə daxil ola bilirlər. Avropa İttifaqının (Aİ) üzvü olmasına baxmayaraq, Kipr Şengen zonasına daxil deyil və özünün daxili viza rejimini qoruyub saxlayır.

Ukraynada başlayan genişmiqyaslı müharibədən sonra Kipr hakimiyyəti Aİ sanksiyalarına riayət olunmasına və rusiyalı iş adamlarının maliyyə fəaliyyətinə nəzarəti kəskin şəkildə gücləndirib.

Nikosiya həmçinin "qızıl pasport" proqramı çərçivəsində rusiyalılara verilən vətəndaşlıq qərarlarına yenidən baxmağa başlayıb. Nəticədə onlarla iri investor, o cümlədən tanınmış milyarderlər Oleq Deripaska və Mixail Qutseriyev Kipr vətəndaşlığından məhrum ediliblər.

Bundan əlavə, Aİ-nin Ukraynaya qarşı müharibədə iştirak edən bütün şəxslərin ittifaq ərazisinə girişini tamamilə qadağan edə biləcəyi gözlənilir.

Rasim

"AzPolitika.info"