Ermənistanda keçirilən parlament seçkilərindən sonra rəsmi nəticələrlə bağlı kəskin qarşıdurma yaranıb. "Çiçəklənən Ermənistan" Partiyası Mərkəzi Seçim Komissiyasının (MSK) iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etmək qərarını özünə qarşı "birbaşa zərbə" adlandırıb və bunun partiyanın parlamentə girməsini əngəlləmək məqsədi daşıdığını bəyan edib.

"AzPolitika" xəbər verir ki, partiya lideri Qaqik Çarukyanın mətbuat katibi İveta Tonoyan MSK-nın addımını sərt şəkildə tənqid edib.

İveta Tonoyan sosial şəbəkə hesabında yaydığı bəyanatda MSK-nı seçki saxtakarlığında ittiham edib:

"Mərkəzi Seçim Komissiyasında bir qədər əvvəl yaşananlar klassik rəzalətdən başqa bir şey deyil. Gecə yarısı gizlicə, qaranlığın pərdəsi altında həyata keçirilən bu utancverici əməl partiyamıza vurulan birbaşa zərbədir. Məqsəd nəyin bahasına olursa-olsun, bizim Milli Məclisə daxil olmağımızın qarşısını almaqdır".

İlkin nəticələrə görə, parlamentə düşmək üçün tələb olunan 4 faizlik səddi keçə bilməyən Çarukyanın partiyasına cəmi 0,004 faiz səs çatmır. Partiya bu fərqi bəzi məntəqələrdə səslərin yenidən sayılması yolu ilə kompensasiya etməyə çalışırdı. Lakin MSK son iclasında 35/65 və 10/51 saylı seçki məntəqələrinin nəticələrini etibarsız sayaraq, həmin ərazilərdəki seçici sayını sıfır qəbul edib.

Tonoyan qeyd edib ki, məhz "Çiçəklənən Ermənistan" Partiyasının yüksək səs qazandığı məntəqələrin nəticələrinin ləğv edilməsi açıq-aşkar saxtakarlıqdır və onlar bu qərardan məhkəməyə şikayət edəcəklər.

Sözügedən qalmaqallı məntəqələrdə səsvermə başa çatdıqdan sonra – saat 20:00-dan sonra hərbçilərin səs verdiyi məlum olub. Müxalifət və müşahidəçilər bunu qanun pozuntusu kimi qiymətləndiriblər.

Müxalifətin "Çarukyanın səsləri oğurlanıb" ittihamlarına isə Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş Müqaviləsi" Partiyasından dərhal cavab gəlib. Hakim partiyanın sədr müavini Vahaqn Aleksanyan günahı müxalifətin üzərinə atıb:

"Hərbçilərin səs verməsi ilə bağlı qaldırılan isterika ucbatından hakim partiyanın ümumilikdə 1224 səs qazandığı 2 seçki məntəqəsinin nəticələri ləğv edilir. Bu müxalifət növbəti beş ildə nə vaxt 'ordu' və ya 'əsgər' sözünü işlətsə, xatırlamalıdır ki, postdan düşüb səs verən hərbçilərin səslərinin ləğv edilməsi prosesini məhz özləri başladıblar".

Rasim Əliyev

"AzPolitika.info"