Ukrayna qüvvələri işğal olunmuş Xerson vilayətini Krımla birləşdirən bir neçə körpünü sıradan çıxarıb. Ukrayna yarımadaya gedən əsas Rusiya logistika yollarını pozur və düşmənin irəliləməsinə maneələr yaradır.
“AzPolitika” xəbər verir ki, bunu ABŞ Müharibə Tədqiqatları İnstitutunun analitikləri yeni hesabatda qeyd ediblər.
Xerson vilayətinin işğalçı administrasiyasının “rəhbəri” Vladimir Saldo iyunun 11-də Xersonun işğal olunmuş ərazilərini Krımla birləşdirən bir neçə körpüyə zərbə endirildiyini bildirib. Bunlar Şimali Krım kanalı üzərindəki körpü, Perekop-Armyansk körpüsü və Stavki körpüsüdür. Bu körpülər Şimali Krım kanalından və M-17 Armyansk-Oleşki yolu boyunca keçir.
"Ukraynalı komandir 11 iyunda Ukrayna Silahlı Qüvvələrinin Armyanskdan keçərək işğal olunmuş Krıma gedən Rusiya logistika yoluna hücum etdiyini, yanacaq və sursat daşıyan təxminən 50 Rusiya hərbi yük maşınını məhv etdiyini bildirib", - analitiklər qeyd edirlər.
7-8 iyun və 9 iyun gecələrində Ukraynanın hücumlarından sonra Rusiya qoşunları logistikanı Armyansk marşrutuna yönəldiblər və bu hücumlar işğal hakimiyyətinin bağladığı Çonqar körpüsünə ziyan vurub.
Rusiya Telegram kanalları həmçinin bildiriblər ki, 10-11 iyun, 7-8 iyun və 9 iyun gecələrində Ukraynanın hücumları işğal olunmuş Xerson vilayətindən Krıma gedən bütün quru yollarını bağlayıb və Çonqar körpüsünə ciddi ziyan vurub.
Analitiklər vurğulayırlar ki, Ukraynanın davam edən bu hücumları Rusiyanın cəbhədəki hücum əməliyyatlarına hazırlığını çətinləşdirir.
Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdinin (Madyar) sözlərinə görə, Ukrayna işğal olunmuş Krımı təcrid etmək planına ciddi şəkildə başlayıb. Ukrayna Müdafiə Qüvvələri Çonqar körpüsünə ciddi zərbələr endirərək onu dayaqlarına qədər dağıdıb, Armyanskdakı keçid də dağıdılıb. Bu, Novorossiya şossesi vasitəsilə Rusiyanın yerüstü logistikasını tamamilə pozub.
Son bir ay ərzində Ukraynanın hava hücumları sayəsində Rostov, Mariupol, Melitopol və Krımı birləşdirən şossedə nəqliyyatın hərəkəti üçdə iki nisbətindən də çox azalıb. Madyar əmindir ki, növbəti ay ərzində Ukrayna bu yola tam nəzarət edəcək.
“AzPolitika.info”

Şərhlər