ABŞ-li milyarder İlon Mask tarixdə sərvəti 1 trilyon dollar həddini aşan ilk şəxs olub.
Məlumata görə, Maskın təsisçisi olduğu kosmik texnologiyalar şirkəti SpaceX-in həyata keçirdiyi kütləvi səhm təklifindən (IPO) sonra onun sərvəti kəskin artaraq 1,1 trilyon dolları ötüb.
Bundan əvvəl "Forbes" jurnalının hesablamalarına əsasən, İlon Maskın sərvəti təxminən 780 milyard dollar təşkil edirdi. Lakin SpaceX-in səhmlərinin bazarda yüksək qiymətləndirilməsi nəticəsində milyarderin xalis sərvəti rekord həddə yüksəlib.
SpaceX raket texnologiyaları, peyk rabitəsi və süni intellekt sahələrində fəaliyyət göstərən dünyanın ən dəyərli özəl şirkətlərindən biri hesab olunur. Şirkətin son maliyyələşdirmə mərhələsində investorların böyük marağı onun bazar dəyərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.
İlon Mask hazırda həmçinin Tesla, Neuralink və The Boring Company kimi şirkətlərin sahibi və ya rəhbəri kimi tanınır.
"AzPolitika.info"

Şərhlər