Qəsdən sağlamlığa az ağır zərər vurma, adam oğurluğu və əzab verməkdə təqsirləndirilən "Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və mərkəzin daha iki əməkdaşının cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
APA xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində hakim Fərid Nəsimiyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı oxunub.
İttiham aktına münasibət bildirən təqsirləndirilən şəxslər ittiham üzrə özlərini qismən təqsirli biliblər.
Ceyhun Salmanov ifadəsində bildirib ki, mərkəzdə müalicə alan şəxslərin saxlanılması müalicə prosesi ilə bağlı olub, onlarla ancaq proflaktiki söhbətlər aparılıb.
Təqsirləndirilən şəxslərin məhkəmə prosesində iştirakı videokonfrans əlaqə sistemi istifadə olunmaqla təmin edilib.
Məhkəmənin növbəti prosesində şahidlər və zərərçəkmişlər ifadə verəcək.
Proses iyunun 17-də davam etdiriləcək.
Qeyd edək ki, “Qurtuluş Reabilitasiya Mərkəzi” MMC-nin Sumqayıt şəhəri ərazisində yerləşən müəssisəsində baş verən qanunsuzluqlarla Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.
İlkin istintaq tədbirləri əsasında sözügedən MMC-nin direktoru Ceyhun Salmanovun Elşad Məhərrəmov, Natiq Əliyev və istintaqa məlum olmayan digərləri ilə qabaqcadan əlbir olaraq ayrı-ayrı vaxtlarda 7-dən çox şəxsi zor tətbiq etməklə və aldatmaqla Mərkəzin Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən müəssisəsinə (yaşayış evinə) gətirmələri, orada iradələri ziddinə və qanunsuz olaraq azadlıqdan məhrum edilməklə saxlamaları, saxlanıldıqları müddətdə həmin şəxsləri yaxınları ilə əlaqə saxlamaq imkanından, o cümlədən mobil telefon və digər rabitə imkanlarından məhrum etmələri, müxtəlif formada fiziki və psixi iztirablarla onlara əzab vermələri, saxlanılan şəxslərdən bir neçəsinin sağlamlığına xəsarət yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Ceyhun Salmanov, Elşad Məhərrəmov və Natiq Əliyev Cinayət Məcəlləsinin 145.2.1 və 145.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən iki və daha çox şəxsi qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub, barələrində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şərhlər