Vladimir Putin Rusiyaya rəhbərlik etdiyi müddətcə Ukraynada davamlı sülhə nail olmaq çox çətin olacaq. 

“AzPolitika” xəbər verir ki, bunu Kanadanın Birgə Əməliyyatlar Komandanlığının keçmiş komandanı, general-leytenant Kristofer Kouts “Ukrinform”a müsahibəsində deyib.

"Putinin ölümü - bu, sülhün ilkin əsas şərtidir. Təəssüf ki, Putin hakimiyyətdə qaldığı müddətdə davamlı sülhü təsəvvür etməkdə çətinlik çəkirəm. Belə bir sülhün daha fundamental yeganə əsası Ukraynanın hərbi qələbəsidir", - deyə o bildirib.

Generalın sözlərinə görə, Rusiya rəhbərliyinin israr etdiyi ərazi güzəştləri müharibəyə son qoymayacaq; ən uzağı bu güzəştlər müəyyən fasilə yaradacaq. Kouts əmindir ki, Putin "imperiya ambisiyalarından" əl çəkməyəcək və bu fasilədən Silahlı Qüvvələri yeni hücuma hazırlamaq üçün istifadə edəcək.

General Rusiyanın Ukraynadakı mövcud uğursuzluqlarını və bəyan etdiyi məqsədlərə çata bilməməsini Moskvanın "qanunsuz müharibə aparması" ilə əlaqələndirir. "Bu, mücərrəd səslənə bilər, amma strateji baxımdan çox böyük əhəmiyyət kəsb edir. Rusiya özünün həyatda qalması üçün mübarizə aparmır. Onlar bu müharibəni özləri seçiblər və çox kiçik nəticələr üçün böyük resurslar sərf edirlər", - deyə Kouts izah edir.

Onun sözlərinə görə, Putin rusları təbliğat yolu ilə səfərbər etməkdə getdikcə çətinlik çəkir, çünki "yalan üzərində qurulmuş sistem sonda daxildən çökməyə başlayır", xüsusən də insani və iqtisadi itkilər artdıqca: "Buna görə də Ukraynanın Rusiya neft infrastrukturuna zərbələri strateji əhəmiyyət kəsb edir. Onlar Rusiyanı öz resurslarını dağıtmağa, gəlirlərini azaltmağa və ruslara müharibənin bir bədəli olduğunu xatırlatmağa məcbur edirlər".

Kouts hesab edir ki, Ukrayna cəbhə xəttində təşəbbüsü tədricən geri qaytarır. Generalın sözlərinə görə, Ukrayna "texnoloji və mənəvi üstünlük" qazanıb.

“AzPolitika.info”