Ermənistanın Mərkəzi Seçki Komissiyası (MSK) 7 iyun parlament seçkilərindən sonra 637 seçki məntəqəsində səsvermənin nəticələrinin yenidən hesablanması barədə məlumat yayıb.
"Report" xəbər verir ki, müvafiq məlumatlar MSK tərəfindən dərc edilib.
Yenidən hesablamaya görə, hakim "Vətəndaş müqaviləsi" Partiyasına verilən səslərin sayı 1 148 artaraq 727 820 olub. "Güclü Ermənistan" blokunun nəticəsi 508 səs artaraq 340 088-ə, "Ermənistan" blokunun nəticəsi isə 217 səs artaraq 145 113-ə çatıb.
İlkin nəticələrə görə 4 %-lik keçid baryerini aşmayan "Çiçəklənən Ermənistan" Partiyası əlavə 147 səs toplayaraq nəticəni 58 378-ə çatdırıb. MSK-dan bildirilib ki, qeyri-dəqiqliklərin ümumi sayı 230 artaraq 1 509, etibarsız bülletenlərin sayı isə 859 azalaraq 16 238-ə çatıb.
Səslərin yenidən hesablanması siyasi partiyaların bəyanatları əsasında aparılıb. Mərkəzi Seçki Komissiyası seçkinin yekun nəticələrini 14 iyunda elan etməyi planlaşdırır.

Şərhlər