Ermənistanın paytaxtı İrəvanın "Zvartnots" hava limanında tanınmış rusiyalı riyaziyyatçı və bloger Mixail Verbitski saxlanılıb.
"AzPolitika" xəbər verir ki, bu barədə "Dojd" telekanalı məlumat yayıb.
Ermənistan Daxili İşlər Nazirliyinin əməkdaşı telekanala bildirib ki, Verbitski Rusiyada axtarışda olduğu üçün saxlanılıb və hazırda müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Helsinki Vətəndaş Assambleyasının "Vanadzor" İrəvan ofisinin hüquqşünası Ani Çatinyan qeyd edib ki, həbs qərarı Rusiyada Verbitskiyə qarşı açılmış cinayət işi ilə bağlıdır: "İndi prokuror onun azadlığa buraxılması və ya barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə qərar verməlidir. Hazırda Rusiyanın ekstradisiya sorğusu göndərib-göndərməyəcəyi məsələsi müzakirə olunur".
Hüquqşünasın sözlərinə görə, Rusiya rəsmi ekstradisiya sorğusu göndərərsə, Verbitski 40 gün müddətinə həbs ediləcək, əks halda isə 72 saatdan sonra azadlığa buraxılmalıdır.
2024-cü ildə Mixail Verbitskiyə qarşı Rusiyada "terrorizmə bəraət qazandırma və terror fəaliyyətinə çağırış" maddəsi ilə cinayət işi açılıb. Buna səbəb kimi onun Ukraynaya dəstək ifadə edən çıxışları və Moskvadakı "Krokus Siti Holl"da baş vermiş terror aktının istintaqının gedişatına şübhə ilə yanaşması göstərilir.
2025-ci ilin yanvarında "Rosfinmonitorinq" riyaziyyatçını "ekstremistlər və terrorçular" siyahısına daxil edib, qısa müddət sonra isə Rusiya DİN onu rəsmi axtarışa verib.
Mixail Verbitski 2000-ci illərdə internetin rusdilli seqmentinin ən fəal və tanınmış simalarından biri olub. O, 2010-cu illərin ortalarından etibarən xaricdə yaşayır və öz bloqunda Rusiya hakimiyyətini kəskin tənqid etməsi, həmçinin Ukraynadakı müharibəyə qarşı çıxması ilə tanınır.
Qeyd edək ki, Ermənistanda Rusiyanın tələbi ilə axtarışda olan Rusiya vətəndaşlarının saxlanılması ilk belə hal deyil. İki ölkə arasında ekstradisiya haqqında müqavilə olsa da, indiyə qədər siyasi motivli cinayət işləri üzrə fiqurantların Moskvaya təhvil verilməsinə dair heç bir fakt qeydə alınmayıb.
Rasim
“AzPolitika.info”

Şərhlər