Ermənistan Anti-Korrusiya Komitəsi, "Çiçəklənən Ermənistan" Partiyasının (PAP) nümayəndələrinin Lori vilayətinin Akhtala və qonşu bölgələrində bir qrup seçiciyə rüşvət verdiyini bəyan edib. 

"AzPolitika" xəbər verir ki, rəsmi məlumata görə, rüşvətin müqabilində seçicilərdən parlament seçkilərində sözügedən partiyaya səs vermələri və yeni tərəfdarlar toplamaları tələb olunub.

Hüquq-mühafizə orqanları faktla bağlı səs yazısı yayımlayıb. Anti-Korrusiya Komitəsinin bildirdiyinə görə, hadisə ilə əlaqədar cinayət işi açılıb və artıq bir neçə nəfər saxlanılıb.

Qalmaqalla bağlı "Çiçəklənən Ermənistan" Partiyasının lideri hər hansı bir detal vermədən, onlara qarşı təzyiq və təqiblərin başladığını iddia edib. Müxalifət cinahı isə hökuməti seçicilərin səslərini oğurlamaqda günahlandırır.

Məsələyə hakim "Vətəndaş Müqaviləsi" Partiyasının üzvü, İrəvanın keçmiş meri Tiqran Avinyan parlamentdə kəskin reaksiya verib. O, müxalifətin seçki rüşvəti paylamaqla bütün sərhədləri aşdığını bildirib:

"Düzünü desəm, “Çiçəklənən Ermənistan”ın parlamenti keçib-keçməməsi mənim vecimə deyil. “Çiçəklənən Ermənistan”, “Güclü Ermənistan'” və seçki rüşvəti paylayan digər ittifaqların bizim siyasi həyatımızda yeri olmamalıdır. Seçki rüşvəti verənlər və seçki saxtakarlığına əl atanlar Ermənistan Respublikasından tamamilə təmizlənməlidir".

“AzPolitika.info”