ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahuya İranla müqavilənin bir neçə gün ərzində imzalanacağını gözlədiyini bildirib.

Xarici media yazır ki, Tramp Netanyahu ilə söhbətində "müharibəyə son qoymağın vaxtıdır" deyib.

İrana qarşı davam edən hərbi kampaniyadan fərqli nəticəyə ümid edən İsrail rəhbərliyi üçün bu anlaşma sürpriz olub. Məlumata görə, İsrail Baş naziri söhbət zamanı heç bir ciddi etiraz bildirməyib və danışıqlar prosesini dayandıra bilməyəcəyini etiraf edib.

Mənbələrə görə, İsrail əvvəllər İranın enerji və infrastruktur sektorlarına qarşı genişmiqyaslı hücumlar planlaşdırmışdı, lakin bu planlar Tramp administrasiyası tərəfindən dayandırılmışdı.

İsrail hakimiyyəti potensial razılaşmanın İrana və onun regional müttəfiqlərinə, o cümlədən Livandakı Hizbullaha qarşı hərəkət azadlığını məhdudlaşdıra biləcəyindən narahatdır.

ABŞ administrasiyasının yüksək vəzifəli rəsmisi bildirib ki, "İsrailin sonda prosesi dəstəkləyəcəyinə əminik".

Mənbələrə görə, danışıqlar hələ də yarımçıq qalıb, lakin hər iki tərəf razılığa gəlmə ehtimalının yüksək olduğunu bildirir. İsrail üçün müharibənin elan edilmiş məqsədlərinə çatmadan sona çatması ciddi siyasi və strateji zərbə ola bilər.

"AzPolitika.info"