"Ukraynaya qarşı işğalçı müharibədə ilişib qalan Rusiyanın Cənubi Qafqaza təsir imkanları getdikcə azalır, Moskvanın bölgədə uzun illər forpostu rolunda çıxış edən Ermənistan da əldən çıxmaq üzrədir".

“AzPolitika” xəbər verir ki, bu fikirləri regional prosesləri şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Türkiyənin xarici işlər naziri Hakan Fidanın iyunun 15-də Rusiyaya edəcəyi səfərə və rusiyalı həmkarı Sergey Lavrovla keçiriləcək görüşə diqqət çəkən politoloq qeyd edib ki, tərəflər iki ölkə arasındakı münasibətlərlə yanaşı, Yaxın Şərqdəki mövcud vəziyyəti və "3+3" (Azərbaycan, Gürcüstan, Ermənistan + Türkiyə, Rusiya, İran) formatının fəallaşdırılmasını müzakirə edəcəklər.

E.Şahinoğlu son zamanlar Moskvanın bu formatı fəallaşdırmağa çalışmasının arxasında sadə bir səbəbin dayandığını vurğulayıb: "Kremldə hesab edirlər ki, Rusiya heç olmasa '3+3' formatında Cənubi Qafqazda varlığını nümayiş etdirməyə çalışmalıdır".

Bununla belə, ekspert bu platformanın reallaşmasının qarşısında dayanan ciddi çətinlikləri sadalayıb:

Birincisi, bu format tam deyil, Gürcüstan öz ərazilərinin Rusiya tərəfindən işğalına görə, bu ölkə ilə eyni birlikdə iştirak etmək istəmir.

İkincisi, Türkiyə bu formata dəstək versə də, bölgədə təkbaşına fəallığını artırmaqda maraqlıdır və bu, Ankarada uğurla alınır.

Üçüncüsü, Rusiya Ermənistan hökumətinə təzyiqi artırarkən, məhsullarına qadağalar qoyarkən, Kremlin "3+3" formatında İrəvanı öz orbitinə cəlb etməsi çətinləşib.

Politoloq, Ermənistanda baş nazir Nikol Paşinyanın partiyasının parlament seçkisindəki qələbəsindən sonra rəsmi Bakının atdığı ilk addımı da təhlil edib. O, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin iyunun 14-də ilk dəfə Ermənistanın Dilican şəhərinə səfər edərək Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşməsinə məhz bu aspektdən yanaşmağın vacibliyini qeyd edib.

E.Şahinoğlu bildirib ki, rəsmi Bakı İrəvanla sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında zəruri dəyişikliyin həyata keçirilməsini istəyir: "Ancaq indi vəziyyət elədir ki, Nikol Paşinyan qələbəsinə rəğmən, parlamentdə Konstitusiya dəyişikliyini referenduma çıxaracaq qədər səsə malik deyil. Hətta bu mümkün olsa belə, Nikol Paşinyana səs verən ermənilərin avtomatik Konstitusiya dəyişikliyinə səs verəcəyini proqnozlaşdırmaq çətindir. Misal üçün, ermənilərin əksəriyyəti referendumda Konstitusiya dəyişikliyinin əleyhinə səs versə, bu, həm Nikol Paşinyanın mövqeyini zəiflədəcək, həm də Azərbaycanla sülh prosesinə zərbə olacaq".

Ekspertin fikrincə, belə bir gedişat Azərbaycanın da maraqlarına cavab vermir və belə olan halda Bakı ilə İrəvan arasında məsləhətləşmələrin intensivləşdirilməsinə, sülh sazişinin imzalanması yollarının daha detallı müzakirəsinə ehtiyac var. Çünki sülh sazişinin imzalanması yubandıqca, Kreml və onun Ermənistandakı əlaltıları vəziyyəti gərginləşdirmək üçün bundan istifadə etməyə çalışacaqlar.

Şərhinin sonunda ABŞ-nin prosesdəki roluna toxunan politoloq vurğulayıb ki, ABŞ Prezidenti Donald Tramp da Azərbaycan və Ermənistan liderlərini yaxın həftələrdə Vaşinqtonda qəbul etmək niyyətindədir. Elxan Şahinoğlunun sözlərinə görə, Ağ Ev rəhbəri ötən ilin avqustunda paraflanan sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır.

Rasim Əliyev

"AzPolitika.info"