Məlum olduğu kimi, Rusiya Ukraynanın ən mühüm dini və tarixi mərkəzlərindən sayılan, UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş Kiyev-Peçersk Lavrasını vurub.

“AzPolitika” xəbər verir ki, Ukrayna tərəfi bunu “xristian mədəniyyətinə ağır zərbə” kimi qiymətləndirib.

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Facebook səhifəsində yazıb: "Xristianlığın ən böyük ziyarətgahlarından biri olan Kiyev Peçersk Lavrasına zərbə endirməklə Putin adını əbədi olaraq tarixin ən pis barbarları siyahısına yazdı".

Ukrayna Prezidenti Volodimir Zelenski isə gecə hava hücumu zamanı böyük ziyan vurulan Kiyev Peçersk Lavrasına gəlib.

Jurnalistlərin suallarını cavablandıran Zelenski, Rusiyanın bugünkü hücuma görə cavab verəcəyinə söz verib: “Biz hələ sözümüzü deyəcəyik. Bu, Rusiyanın xristian mədəniyyətinə qarşı ən böyük cinayətlərindən biridir".

Bu arada, Rusiya Müdafiə Nazirliyi dünən gecə Kiyevdə mülki hədəflərə endirilən zərbələrə haqq qazandırıb və iddia edib ki, bu hədəflər hərbi məqsədlər üçün istifadə edilib. Kiyev Peçersk Lavrasına gəldikdə isə, Rusiya tərəfinin iddiasına görə, oraya Amerikanın “Patriot” hava hücumundan müdafiə sisteminin raketi düşüb.

“AzPolitika.info”