Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin son iclasında çıxış edərək 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycanın çoxəsrlik dövlətçilik tarixindəki taleyüklü əhəmiyyətindən danışıb. Komitə sədri bu tarixi günün ölkəni parçalanmaq və müstəqilliyini itirmək təhlükəsindən qurtararaq sabitlik yoluna çıxardığını vurğulayıb.

Siyavuş Novruzov müstəqilliyin ilk illərində ölkədə dərin siyasi, iqtisadi və sosial böhranın hökm sürdüyünü xatırladıb. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra idarəçilikdə yaranan boşluqların dövlətçiliyin əsaslarını sarsıtdığını bildirən deputat o dövrkü mənzərəni belə təsvir edib: "Müstəqilliyin ilk illərində hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün səriştəsiz idarəetməsi vəziyyəti daha da ağırlaşdırmışdı. Dövlət idarəçiliyində təcrübəsizlik daxili çəkişmələrə, orduda nizam-intizamın zəifləməsinə səbəb olmuşdu. Ermənistanın hərbi təcavüzü fonunda müxtəlif bölgələrdə separatçılıq meyilləri güclənir, vətəndaş qarşıdurması təhlükəsi artırdı. Azərbaycan real olaraq parçalanmaq və suverenliyini itirmək uçurumu ilə üz-üzə qalmışdı".

Komitə sədri qeyd edib ki, belə bir mürəkkəb şəraitdə xalq yeganə çıxış yolunu zəngin dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyevin hakimiyyətə qayıdışında görürdü. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə Bakıya gələn Heydər Əliyevin iyunun 15-də Ali Sovetin Sədri seçilməsi müasir dövlətçiliyimizin yeni mərhələsinin başlanğıcı olub.

Ulu Öndərin qətiyyətli siyasəti sayəsində qısa müddətdə dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, vətəndaş qarşıdurması aradan qaldırılıb və ictimai-siyasi sabitlik bərpa edilib. Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmağa başlayıb və ölkənin gələcək inkişafının möhkəm təməli qoyulub.

S.Novruzov vurğulayıb ki, Ulu Öndərin ən böyük arzusu olan güclü və ərazi bütövlüyünü təmin etmiş Azərbaycan ideyası Prezident İlham Əliyevin rəhbərliyi ilə reallığa çevrilib: “Tarixi Qələbəyə aparan yol məhz Heydər Əliyevin müəyyən etdiyi güclü dövlət, güclü iqtisadiyyat və güclü ordu konsepsiyasına əsaslanır. Bu strategiyanın nəticəsi olaraq Azərbaycan 2020-ci ildə Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq torpaqlarını azad edib, növbəti mərhələdə isə ölkənin bütün ərazisində dövlət suverenliyini tam təmin edib”.

Çıxışının sonunda Milli Qurtuluş Gününün həm də bir həmrəylik simvolu olduğunu deyən Siyavuş Novruzov, Yeni Azərbaycan Partiyasının bu gün Ulu Öndərin ideyalarını və siyasi irsini uğurla davam etdirərək ölkənin tərəqqisinə xidmət etdiyini bildirib.

"AzPolitika.info"