Bu gün Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Orucun rəhbərliyi ilə adıçəkilən komitənin növbəti iclası keçirilib. İclasın gündəliyində ölkənin media məkanı, informasiya təhlükəsizliyi və sosial müdafiə sistemini birbaşa maraqlandıran mühüm qanun layihələrinə təklif edilən dəyişikliklər geniş müzakirə olunub.

İclasda çıxış edən komitə sədri Zahid Oruc hüquqi dövlət quruculuğu prosesində qanunvericiliyin yenilənməsinin, xüsusilə də informasiya sahəsində milli təhlükəsizlik və insan hüquqları balansının qorunmasının strateji əhəmiyyətini diqqətə çatdırıb.Gündəliyin birinci məsələsi olan "Dövət qulluğu haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) şərh edən Zahid Oruc, idarəçilikdə və media sahəsində çevikliyin artırılmasının vacibliyini vurğulayıb. Komitə sədri qeyd edib ki, informasiya istehsalı və yayımı prosesi indi hər zamankından daha sürətlidir və dövlət institutları ilə media subyektləri arasında effektiv kommunikasiya xətti qurulmalıdır: "Media haqqında milli qanunvericiliyimiz ölkəmizin suveren hüquqlarının, informasiya məkanının qorunmasında və vətəndaşların doğru xəbər almaq hüququnun təmin edilməsində əsas sütundur. Təklif olunan dəyişikliklər medianın fəaliyyət prinsiplərini dövlət qulluğu standartları və müasir idarəçilik modelləri ilə uzlaşdırmağa, şəffaflığı daha da artırmağa xidmət edir."Komitə iclasında İnzibati Xətalar Məcəlləsində, eləcə də "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklikləri nəzərdə tutan geniş layihə ikinci oxunuşda müzakirə edilib.Zahid Oruc rəqəmsal təhdidlərin böyüdüyü müasir dövrdə azyaşlıların virtual mühitdə təhlükəsizliyinin təmin olunmasının dövlətin prioritet siyasətlərindən biri olduğunu bildirib.O xatırladıb ki, qanunvericiliyin sərtləşdirilməsi və hüquqi məsuliyyət mexanizmlərinin, o cümlədən inzibati sanksiyaların təkmilləşdirilməsi senzura deyil, cəmiyyətin mənəvi sağlamlığının müdafiəsidir: "Biz internet və sosial media platformalarının gətirdiyi hüquqi boşluqları və riskləri görməzdən gələ bilmərik. Xüsusilə uşaqlarımızın psixologiyasına, mənəvi inkişafına zərər vuran, aqressiya və qeyri-etik dəyərləri təbliğ edən informasiya axınının qarşısı hüquqi mexanizmlərlə kəsilməlidir. Bu istiqamətdə qanunvericiliyə edilən hər bir əlavə gələcək nəsillərin təhlükəsizliyinə qoyulan investisiyadır."Gündəliyin sonuncu bloku isə sosial xarakterli dəyişikliklərlə bağlı olub. Mənzil Məcəlləsində, həmçinin "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanun qəbul edilən yeni düzəlişlər (ikinci oxunuş) ətrafında fikirlərini bölüşən komitə sədri, Azərbaycan dövlətinin bütöv suverenliyini bərpa etdikdən sonra böyük qayıdış kontekstində hüquqi bazanın yenilənməsi mərhələsinə keçdiyini deyib: "Ölkəmizdə həssas qrupların, qaçqın və məcburi köçkün statusu daşıyan vətəndaşlarımızın mənzil təminatı, habelə sosial müdafiə məsələləri cənab Prezidentin hər zaman birbaşa diqqət mərkəzindədir. Qanunvericilikdə edilən bu institusional və redaktə xarakterli dəyişikliklər vətəndaşlarımızın dövlət qayğısından daha səmərəli, proaktiv və ədalətli şəkildə yararlanmasına tam şərait yaradır."Müzakirələrin sonunda gündəlikdə yer alan qanun layihələri komitə üzvləri tərəfindən yüksək qiymətləndirilərək, baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub."AzPolutika.info"