Fransanın Evian-le-Ben şəhərində G7 ölkələrinin (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Kanada və Yaponiya) liderlərinin növbəti sammiti işə başlayıb. Sammitin gündəmində Ukraynadakı son vəziyyət, Yaxın Şərqdəki gərginlik, beynəlxalq tərəfdaşlıq, qlobal iqtisadi artım və süni intellektin gələcəyi kimi strateji mövzular yer alır. Görüşlərdə Avropa İttifaqının rəhbərliyi də iştirak edir.

Sammitin ən diqqətçəkən hadisələrindən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Tramp ilə görüşü olub.

Ukrayna Prezidenti Volodimir Zelenski sammit çərçivəsində keçirilən plenar iclasda iştirak edib. O, daha əvvəl bəyan etmişdi ki, Ukraynanın müdafiəsi və sülh perspektivləri sammitin əsas mövzularından olacaq. Zelenski Vaşinqton və Paris ilə Rusiya Prezidenti Vladimir Putinin də sammitə dəvət edilməsi imkanlarını müzakirə etdiyini, lakin Rusiya rəhbərinin "bunu istəmədiyini" bildirib.

Plenar iclasdan sonra jurnalistlərin suallarını cavablandıran Donald Tramp artıq Zelenski ilə danışdığını və iyunun 16-da günün irəliləyən saatlarında onunla növbəti görüşünün planlaşdırıldığını təsdiqləyib. Zelenski isə Trampla söhbətindən foto paylaşaraq, "Mövqelərin koordinasiya edilməsi hər zaman vacibdir" sözlərini yazıb.

Tramp Rusiyanın Ukraynada sülhə dair "saziş" imzalamalı olduğunu vurğulayıb. Tramp qeyd edib ki, İranla sülh razılaşmaları əldə olunduqdan sonra, Ukraynadakı müharibənin başa çatdırılması yenidən ABŞ-ın xarici siyasətinin əsas prioritetinə çevrilir.

Fransa Prezidenti Emmanuel Makron sammitdən öncə verdiyi bəyanatda bildirib ki, Parisin G7-yə sədrlik dövründə əsas prioritet qlobal dəyişikliklər fonunda dünya iqtisadiyyatında balansın bərpası olacaq.

Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen də "X" sosial şəbəkəsindəki hesabında qlobal disbalans probleminə toxunub: "Biz hamımız istehsal güclərinin həddindən artıq çox olması və mineral resursların ixracına nəzarət problemləri ilə üzləşirik. Bu çağırışlara cavab vermək üçün birlikdə kifayət qədər miqyas və tərəfdaşlıq imkanlarına malikik". Ekspertlər Avropa rəsmisinin bu sözlərini birbaşa Çinə ünvanlanmış eyham kimi qiymətləndirirlər.

"Bloomberg" agentliyinin yaydığı məlumata görə, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Kir Starmer sammitdə Donald Trampı Rusiya ilə danışıqlarda yeni yanaşmaya razı salmağa çalışacaqlar. Avropa liderləri hesab edirlər ki, hazırda müharibədə təşəbbüs Ukraynanın tərəfinə keçib və bu, Rusiya ilə Kiyev üçün daha sərfəli şərtlərlə danışıqlara başlamaq üçün unikal imkanlar pəncərəsi açır.

Sammitin gedişində Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar paketini açıqlayıb. Yeni məhdudiyyətlər Rusiyanın sanksiyalardan yan keçmək və hərbi satınalmaları maliyyələşdirmək üçün istifadə etdiyi "kölgə donanması" və maliyyə şəbəkələrini hədəf alır.

Sanksiya siyahısına Rusiyanın "Yandeks Bank", "Evrofinans Mosnarbank", "Vayldberris Bank" kimi maliyyə qurumları, hərbi-sənaye kompleksinin müəssisələri, Rusiya Baş Qərargahının Baş İdarəsinin (QRU) zabitləri daxil olmaqla bir qrup hərbçi və "kölgə donanması"na aid, aralarında qazdaşıyan gəmilərin də olduğu 27 gəmi salınıb.

Rasim Əliyev

"AzPolitika.info"