Prezident İlham Əliyev qeyri-neft məhsullarının ixracının dəstəklənməsi ilə bağlı yeni Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən mikro, kiçik və orta sahibkarlar ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi yığımlarının bir hissəsini dövlət hesabına geri ala biləcəklər.

İqtisadçı hesab edir ki, fərmandan irəli gələn mexanizm hazırlanarkən bir sıra məqamların nəzərə alınması ümumi işin səmərəliliyinə töhfə verə bilər.

Onun sözlərinə görə, məhsullar seçilərkən onların strateji əhəmiyyəti, daxili tələbatın ödənilməsindəki rolu və ixrac potensialı diqqətdə saxlanılmalıdır. Əgər hər hansı məhsulun daxili bazarda istifadəsi və ölkə iqtisadiyyatına verdiyi fayda onun ixracından əldə olunan faydanı üstələyirsə, bu amilin də qiymətləndirilməsi məqsədəuyğun olardı. Bu baxımdan, dəstəyin ölkəyə əlavə gəlir gətirən və milli iqtisadi maraqlara uyğun məhsullara yönəldilməsi daha səmərəli nəticələr verə bilər.

E.Əmirovun fikrincə, ixrac ölkələri və ya ölkə qrupları müəyyənləşdirilərkən uzunmüddətli perspektivin nəzərə alınması da vacibdir. O qeyd edir ki, potensial ixrac bazalarının mümkün qədər geniş əhatə olunması gələcək imkanların dəyərləndirilməsi baxımından əlavə üstünlüklər yarada bilər.

İqtisadçı həmçinin bildirir ki, dəstək mexanizminin meyarlarının əvvəlcədən müəyyənləşdirilməsi və sahibkarlar üçün aydın şəkildə təqdim olunması proqramın tətbiqinə müsbət təsir göstərə bilər. Onun fikrincə, müraciət prosedurlarının sadə və əlçatan formada qurulması kiçik və orta sahibkarların bu imkandan daha rahat yararlanmasına şərait yaradacaq.

E.Əmirov əlavə edir ki, proqramın nəticələrinin mütəmadi qiymətləndirilməsi də mühüm əhəmiyyət daşıyır. Bu, ayrılan dövlət vəsaitinin qeyri-neft ixracının artmasına, yeni bazarlara çıxışın genişlənməsinə və sahibkarların xərclərinin azalmasına təsirini daha dəqiq izləməyə imkan verə bilər.

İqtisadçı vurğulayır ki, bu məqamlar nəzərə alınarsa, yeni mexanizm həm sahibkarlar, həm də ölkənin qeyri-neft ixracının inkişafı baxımından daha faydalı ola bilər.

Rasim Əliyev

“AzPolitika.info”