Bakıda "İdrak" liseyində müəllimi güllələməkdə təqsirləndirilən yeniyetmə ev dustaqlığına buraxılmayıb.

"Report" xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hakim elan edib ki, iş üzrə zərərçəkmiş şəxs məhkəmədə iştirak etmir və nümayəndə ilə təmsil olunur.

Prosesdə təqsirləndirilən yeniyetmənin anket məlumatları dəqiqləşdirilib. Onun anket məlumatlarında qeyd edilib ki, 2010-cu ildə Sumqayıtda anadan olub, orada qeydiyyatdadır. Yeniyetmə "İdrak" liseyində 10-cu sinifində oxuduğunu bildirib.

İclasda elan olunub ki, məhkəmə prosesində yeniyetmənin qanuni nümayəndəsi qismində anası iştirak edir.

Yeniyetmənin vəkili Rəşad Mirmehdizadə onun yetkinlik yaşına çatmadığını əsas gətirərək məhkəmə baxışınının qapalı keçirilməsi ilə bağlı vəsatət qaldırıb.

Daha sonra vəkil müdafiə etdiyi yeniyetmə barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş edib.

O deyib ki, yemitmetə hadisəni törədən zaman məsələnin mahiyyətini başa düşməyib və əməlindən peşmandır:

"Həmçinin zərərçəkmiş şəxslə qanuni qaydada barışıq əldə olunub, yaşadığı yerdən müvafiq arayış təqdim edilib. O, İngiltərədə kurs keçib, diplomları və nailiyyətləri var. "İdrak" liseyində ingilis dilindən tərcüməçi kimi tədbirlərdə iştirak edib. Saxlandığı yerdə özünü nümunəvi aparır. İnternetdəki müəyyən oyunların təsirinə düşüb. Ailəsi də bu hadisəni normal qəbul etmir. Xahiş edirik ki, indiki mərhələdə onun barəsində qəbul edilmiş həbs qətimkan tədbiri dəyişdirilsin".

Zərərçəkmiş şəxsin nümayəndəsi də təqsirləndirilən şəxsin qaldırdığı vəsatətə etiraz etməyib.

O bildirib ki, tərəflər arasında barışıq əldə olunub: "Bu səbəbdən, təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılmasına etiraz etmirik".

Vəsatət təmin edilməyib.

Növbəti məhkəmə baxışı iyulunn 1-ə təyin olunub.

Qeyd edək ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində baş verib.

Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-də Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda cinayət işi başlanılıb. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunub.