Ötən gün Moskvanın Sergiyev Posad şəhər dairəsində yerləşən "Vixrevo" aerodromunda "Zlin Z42" tipli yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Operativ xidmətlərdən verilən məlumata görə, təyyarənin göyərtəsində olan 2 nəfərin hər ikisi həlak olub.
"AzPolitika” xəbər verir ki, hadisə təyyarə enişə keçən zaman baş verib. Yerə çırpılan hava nəqliyyatı vasitəsi zərbənin təsirindən dərhal alışıb. Hazırda faciənin dəqiq səbəbləri araşdırılır. İlkin ehtimallara görə, qəzaya pilotun səhvi səbəb ola bilər.
Mənbələrin əldə etdiyi məlumata görə, həlak olanlardan biri Rusiyanın Əməkdar təyyarəçi-sınaqçısı Pyotr Tutakin, digəri isə təyyarənin şəxsi sahibidir. Qəza anında sükan arxasında konkret kimin olduğu hələlik dəqiqləşdirilməyib.
Faktla bağlı hava nəqliyyatının istismarı və hərəkət təhlükəsizliyi qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb, geniş təhqiqat aparılır.
“AzPolitika.info”

Şərhlər