Ukraynanın müdafiə naziri Mixailo Fyodorov 35-ci “Ramştayn” formatlı görüşünün yekunlarına dair açıqlama verib. Nazir tərəfdaş ölkələrin Ukrayna ordusuna 4 milyard dollar dəyərində yeni və irihəcmli hərbi yardım paketi ayırdığını elan edib.

M.Fyodorov vurğulayıb ki, builki beynəlxalq hərbi dəstək artıq birbaşa cəbhədə ən effektiv və real nəticə verən strateji istiqamətlərə konsentrasiya olunub. Nazirin sözlərinə görə, Ukrayna Müdafiə Nazirliyinin əsas prioritetləri dəyişməz qalır: PURL proqramı (hava hücumundan müdafiənin gücləndirilməsi), uzaqmənzilli artilleriya və yerli istehsal olan pilotsuz uçuş aparatları (PUA).

“AzPolitika” nazirin açıqladığı rəsmi hərbi paketlərin və maliyyə bölgüsünün detallarını təqdim edir:

"Patriot" raketləri və hava məkanının müdafiəsi

Müdafiə nazirinin bəyanatına əsasən, paketin təxminən 1 milyard dolları Ukraynanı böhranlı əhəmiyyət kəsb edən "Patriot" raketləri ilə təmin edən PURL mexanizminə yönəldiləcək. Bu istiqamətdə ən böyük maliyyə töhfəsini Almaniya, Norveç, Niderland və İsveç öhdəsinə götürüb. Bundan əlavə, Almaniya "Patriot" sistemləri üçün raketlərin uzunmüddətli satınalmalarını təmin edən JUMPSTART mexanizminə daha 200 milron dollar ayırır.

Uzaqmənzilli artilleriya və sursat dəstəyi

Müttəfiqlər cəbhənin ehtiyacları üçün uzaqmənzilli artilleriya sursatlarının satın alınmasına təxminən 540 milyon dollar vəsait ayıracaqlar. Bu istiqamətdə maliyyələşməni əsasən Norveç, Danimarka, İspaniya, Litva və Lüksemburq təmin edir.

Ukrayna istehsalı dronlar və dəniz pilotsuz aparatları

Mixailo Fyodorov müasir döyüşlərin əsas hərəkətverici qüvvəsi olan pilotsuz sistemlərin inkişafı və tədarükünə 1 milyard dollardan çox investisiya qoyulacağını diqqətə çatdırıb:

Böyük Britaniya - Ukrayna istehsalı olan 150 min ədəd dronun satın alınmasını birbaşa maliyyələşdirəcək;

Niderland - Ukrayna Silahlı Qüvvələri üçün qanadlı raket-dronların tədarükünü öz üzərinə götürəcək;

Norveç - Ukraynanın dəniz pilotsuz aparatlarının (kamikadze katerlər) satınalmalarına dəstək verəcək.

Nazir həmçinin qeyd edib ki, tərəfdaşlar Ukrayna HHM sistemlərinin, radioelektron mübarizə (REM) vasitələrinin, piyadaların döyüş maşınlarının (PDM) gücləndirilməsinə, eləcə də hərbi təlim mərkəzlərinin infrastrukturuna investisiyaları davam etdirirlər.

Açıqlamasının sonunda Mixailo Fyodorov beynəlxalq dəstəyin səfərbər edilməsindəki liderliyinə görə Prezident Volodimir Zelenskiyə və Ukrayna ordusuna praktiki dəstək verən hər bir tərəfdaş dövlətə xüsusi minnətdarlığını ifadə edib: "Tərəfdaşlarımıza ordumuzu gücləndirən və döyüş meydanında praktiki nəticə verən bu dəstəyə görə təşəkkür edirəm".

E.Rüstəmli

AzPolitika.info