Ermənistandakı son parlament seçkisindən iki həftəyə yaxınb vaxt keçir. Hakim partiyaya uduzan müxalif qüvvələr müxtəlif bəhanələrlə seçkinin nəticələrini şübhə altına almağa çalışırlar. Məsələn, bu gün Kremlin emissarı olan milyarder Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 7 iyun parlament seçkilərinin nəticələrinin etibarsız hesab edilməsi üçün Ermənistan Konstitusiya Məhkəməsinə ərizə ilə müraciət edib. 

Karapetyan özü isə bütün müxalif qüvvələrin birləşəcəyini və küçə mübarizəsi aparacağını bəyan edib. Söhbət əsasən Karapetyanın və Robert Koçaryanın bloku, eləcə də seçkidə parlamentə düşmək üçün lazım olan 4 faizlik baryeri keçə bilməyən Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” partiyasından gedir…

Lakin müxalifətin üst-üstə birgə səsindən xeyli daha çox səs toplamış hakim partiya bu cür bəyanatlara ciddi əhəmiyyət vermədiyini göstərir.

Ermənistanın müxalifət qüvvələrinin küçə mübarizəsi başlatmaq üçün siyasi potensialı yoxdur”. 

Bunu bu gün Ermənistan parlamentində keçirilən brifinq zamanı hakim “Vətəndaş Müqaviləsi” Partiyasının parlament fraksiyasının katibi Artur Ovannisyan deyib. O, “Güclü Ermənistan” Partiyasının lideri Samvel Karapetyanın müxalifət qüvvələrini birləşdirmək və küçə mübarizəsi başlatmaq barədə açıqlamalarını şərh edərkən deyib ki, insanlar bu çağırışlara əhəmiyyət vermir.

Üstəlik, Ovannisyan Karapetyanın insanları sayarkən “baş” ifadəsini işlətdiyinə görə tənqid edib: "Onun vətəndaşları "baş" adlandırması onun xalqa münasibətindən xəbər verir. Əgər bunların seçkidə əsasən pul paylayaraq səs aldığını nəzərə alsaq, belələri öz seçiciləri haqqında başqa necə danışmalıdır ki?"

Nikol Paşinyanın partiyasının təmsilçisinin sözlərinə görə, müxalifət qüvvələrinin gündəliyi Ermənistan vətəndaşlarını küçə mübarizəsi ətrafında birləşdirmək iqtidarında deyil: "İnsanlar nəyin naminə ayağa qalxmalıdır? Ermənistan vətəndaşları Ermənistan Respublikasını müharibəyə çəkən bir gündəmi müdafiə etməlidirlərmi? Düşünürəm ki, onların heç bir potensialı yoxdur. Burada mahiyyət barədə isə ümumiyyətlə danışmağa dəymir”.

O deyib ki, Karapetyanın müxalifətin birləşməsi bəyanatı saxtadır, çünki bu qüvvələr onsuz da birlikdə hərəkət edirlər: "Qarşımızda kimlərin olduğu çox aydın görünür. “Üçbaşlı müharibə partiyası" darmadağın edilib, yeni parlamentdə isə bir daha darmadağın ediləcək".

Doğrudan da, Rusiyanın hərtərəfli dəstəyinə, Paşinyan hakimiyyətinə qarşı bu gün də davam edən təzyiqlərinə rəğmən uduzan Karapetyan, Koçaryan və Tsarukyandan ibarət revanşist, ruspərəst müxalifətin seçkidən sonra bəyanatlar verməkdən başqa əlindən heç nə gəlmir. Onların istəyindən fərqli olaraq, ermənilər kütləvi olaraq bu partiyaların ardınca getmədi, nə seçkidən dərhal sonra, nə də daha sonrakı günlərdə heç bir kütləvi etiraz aksiyası baş vermədi. İndidən sonra da proseslərə ciddi təsir edəcək hansısa böyük və davamlı aksiyaların olacağı inandırıcı deyil.

C.Məmmədli

“AzPolitika.info”