Ermənistanda partiyalardan birinin seçkilər ərəfəsində vətəndaşların siyasi iradəsinə təsir göstərmək məqsədilə olduqca qeyri-adi üsula əl atdığı ifşa olunub. Siyasi fəalların seçicilərə ev heyvanları və quşlar paylayaraq rüşvət verdiyi məlum olub.

“AzPolitika” Ermənistan mediasına istinadən xəbər verir ki, ölkənin Anti-Korrusiya Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin (MTX) birgə keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində qanunvericiliyin tələblərini kobud şəkildə pozan faktlar aşkarlanıb.

Rəsmi məlumata görə, "Güclü Ermənistan" partiyasının tərəfdarı olan bir qrup şəxs ölkənin müxtəlif vilayətlərində yerli sakinlərə qanunsuz olaraq ev heyvanları və quşlar paylayıb.

İstintaq materiallarında qeyd olunur ki, sözügedən "yardım" vətəndaşlara təqdim olunmazdan əvvəl həmin ailələrdəki yetkinlik yaşına çatmış şəxslərin rəsmi məlumatları və şəxsiyyətləri dəqiqləşdirilib. Müəyyən edilib ki, heyvan və quşların paylanması faktiki olaraq həmin ailələrdə potensial seçicilərin olması şərti ilə bağlı olub. Məqsəd isə seçkilər zamanı vətəndaşların səsvermə davranışına birbaşa təsir göstərmək və partiyanın xeyrinə səs qoparmaq olub.

Faktla bağlı Ermənistan Anti-Korrusiya Komitəsində cinayət işi başlanıb. Hazırda bu qanunsuz şəbəkəyə cəlb olunmuş şəxslərin tam dairəsinin müəyyənləşdirilməsi və işin bütün hallarının üzə çıxarılması istiqamətində çoxsaylı prosessual və istintaq hərəkətləri həyata keçirilir.

Rasim

“AzPolitika.info”