ABŞ və İran arasında yekun sazişin hazırlanması üzrə danışıqların növbəti mərhələsi üçün İsveçrədə nəzərdə tutulan görüş başqa tarixə təxirə salınıb.
APA-nın Tehran bürosunun məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə açıqlamasında danışıqların növbəti mərhələsi ilə bağlı vasitəçilər yolu ilə zəruri məsləhətləşmələrin davam etdiyini bildirib.
Bəqai qeyd edib ki, danışıqlara başlamaq üçün lazımi şərait formalaşdığı təqdirdə, bununla bağlı ictimaiyyətə məlumat veriləcək.
O xatırladıb ki, razılaşmanın mətninə əsasən yekun saziş üzrə danışıqların başlanması memorandumun 1, 4, 5, 10 və 11-ci bəndlərinin icrasına başlanılmasından və həmin müddəaların icrasının davam etdirilməsindən asılıdır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü vurğulayıb ki, İsveçrədə keçirilməsi planlaşdırılan, lakin ləğv edilən görüşün əsas məqsədlərindən biri müharibənin başa çatmasına dair memorandumun imzalanması olub və imzalanma mərasimi çərçivəsində yekun saziş üzrə danışıqların təşkili məsələlərinin də müzakirəsi nəzərdə tutulub.
Bəqai əlavə edib ki, memorandum iyunun 18-də səhər saatlarında rəqəmsal formatda imzalandığından İsveçrədə nəzərdə tutulan görüşün keçirilməsi təcili xarakter daşımır.
Onun sözlərinə görə, yaxın günlərdə yeni görüşün keçirilməsi istiqamətində hazırlıq işləri aparılır.

Şərhlər