ABŞ kəşfiyyatı Prezident Donald Trampa İsrailin Baş naziri Benyamin Netanyahunun İranla əldə olunacaq sülh razılaşmasını təhlükə altına qoya biləcək addımlar atmaq ehtimalının yüksək olduğu barədə məlumat verib.
"Report" xəbər verir ki, bu barədə "The Washington Post" (WP) qəzeti mənbələrə istinadən məlumat yayıb.
"İsrailin hökumət başçısı ondan Livanda hərbi əməliyyatı davam etdirməyi tələb edən ciddi siyasi təzyiq altındadır. Kəşfiyyat məruzələrindən göründüyü kimi, İsrail, "Hizbullah"a (Livanın radikal qruplaşması) qarşı yönəlmiş hərbi əməliyyatları dayandırmaq niyyətində deyil", - məlumatda qeyd edilib.
ABŞ kəşfiyyatının analitikləri belə qənaətə gəliblər ki, yaxınlaşan parlament seçkiləri fonunda Netanyahunun siyasi gələcəyi onun Livanda hərbi fəallığı qoruyub saxlamaq əzmi ilə birbaşa bağlıdır.
Bundan əlavə, hesabatda İsrail tərəfinin Vaşinqton və Tehran arasında imzalanmış memorandumun şərtlərindən narazılığı da əks olunub. Belə ki, həmin şərtlər Təl-Əvivin İranla bağlı planları ilə ziddiyyət təşkil edir.
Bu gün daha əvvəl İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İsrail ordusu Livanın cənubunda mövcudluğunu qoruyub saxlayacaq.

Şərhlər