İrlandiyalı alimlər uşaqlarda ən ölümcül onkoloji xəstəliklərdən biri olan neyroblastomaya qarşı yeni "mRNT" vaksininin sınaqlarının ilk uğurlu nəticələri barədə məlumat veriblər.

"Report" xəbər verir ki, tədqiqatın nəticələri "Molecular Therapy Oncology" (MTO) jurnalında dərc olunub.

Uşaq xərçəngindən ölümlərin təxminən 15 faizi neyroblastomanın payına düşür və bir çox xəstə mövcud müalicə üsullarına pis reaksiya verir. Tədqiqatçılar immun sisteminə şiş hüceyrələrini tanımağa və onlara hücum etməyə kömək edən "mRNT" əsaslı vaksin yaradıblar. Preparatın çatdırılması üçün xüsusi öz-özünə yığılan peptid nanohissəciklərdən istifadə olunub.

İlkin təcrübələrdə yeni vaksin ümidverici nəticələr göstərib. O, şişin inkişafını 10-11 gün yavaşıdıb və ölçüsünü təxminən 70 faiz azaldıb. İmmun sistemi üçün hədəf neyroblastoma hüceyrələrinin səthində böyük miqdarda mövcud olan "Glypican 2" zülalı olub.

Müəlliflər qeyd edirlər ki, texnologiyanın faydası yalnız neyroblastoma ilə məhdudlaşmaya bilər. "Glypican 2" zülalına bəzi digər xərçəng növlərində də rast gəlinir, buna görə də gələcəkdə bu yanaşmanı müxtəlif şişlərin müalicəsi üçün potensial olaraq uyğunlaşdırmaq mümkündür.