Zamanında Ukraynaya qarşı işğalçılıq müharibəsinin ən qızğın təşəbbüskarı və qondarma “dnr”in “müdafiə naziri” olmuş, “rus dünyası” ideyasının pərəstişkarı, şovinist və millətçi İqor Qirkin (Strelkov) hazırda yatdığı Rusiya həbsxanasından olduqca həyəcanlı xəbərdarlıq məktubları yayımlayır.
“AzPolitika” xəbər verir ki, Beynəlxalq Məhkəmənin terrorçu kimi tanıdığı Qirkinin sosial mediada yayımlanan yeni məktubunda Rusiyanın yaxın gələcəkdə hərbi və iqtisadi cəhətdən iflasa uğrayacağına dair həyəcan təbili çalınır.
Qirkin yazır: “Hökumət daxilində ("Çəhrayı Ponilər Planetində") yaranmış vəziyyətin tam kritikliyi hələ də başa düşülmür. Müharibənin beşinci ilində hərbi məğlubiyyət cizgisinə tam yaxınlaşdığımız ya dərk edilmir, ya da sadəcə görməzliyə vurulur.
Hətta gələcəkdə belə yaxşılaşmaya ümid vermək üçün HEÇ NƏ edilmir. Yüksək vəzifəli hökumət rəsmiləri "iqtisadi və sosial inkişaf perspektivləri" haqqında mümkünsüz cəfəngiyatlar danışırlar, elə bir vaxtda ki, Rusiyanın gələcəyi bir tükdən asılıdır və bu tük, belə deyək, o qədər də dözümlü deyil.
Hərbi sənayeni və arxa cəbhəni müharibənin ehtiyacları üçün səfərbər etməkdən ötrü heç bir tədbir görülmür, sanki bədnam “SVO” "xarici müstəmləkə müharibəsi"dir (darmadağınla uduzulmuş Suriya müharibəsi kimi) və ondan sakitcə geri çəkilmək, sonra da arxanca qapını örtmək olar. “Tərəfdaşlarımızın” (həm "hörmətli kiyevlilərin", həm də "əziz qərblilərin") həyasızlıq dərəcəsi daim artır: onlar indi praktik olaraq əmindirlər ki, Rusiyaya qarşı özləri üçün ən kiçik bir risk olmadan keçilə bilməyən qırmızı xətlər yoxdur. Onların gücü daim artır. Bizimki isə qələbə əzmimiz və iradəmiz kimi, əriyir.
Kremlin letargik yuxudan çıxması üçün nə baş verməlidir? Düşmənin Krıma girməsi? Bütün cəbhənin çökməsi? Moskvanın mərkəzinə 150-200 raketin (onların təxminən bu qədər “Flaminqo”su var və ya tezliklə bu qədər olacaq) kütləvi zərbəsi? Bu suala cavabım yoxdur.
Yalnız bir daha təkrarlaya bilərəm: bizim işimiz zibildir! Kəmiyyət keyfiyyətə çevriləndə bu, hər kəs üçün tam aydın olacaq. Artıq olur...”
Sonda qeyd edək ki, məhz indi “inildəyən” qatı imperiyaçı Qirkin hələ 2014-cü ildə Donbasda “ilk tətiyi çəkən adam” olması ilə fəxr edirdi…
C.Məmmədli
“AzPolitika.info”

Şərhlər