"Azərbaycanda pensiya sistemində köklü islahatlara təcili ehtiyac var”.
"AzPolitika" xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, son illərdə pensiya sahəsində dəfələrlə dəyişikliklər edilsə də, bu günə qədər ədalətli və dayanıqlı sistem formalaşdırmaq mümkün olmayıb:
"Nəticədə yeni pensiya qanunvericiliyinin hazırlanmasına ehtiyac yaranıb. Xüsusilə də yığım hissəsində toplanan vəsaitlərə çıxış imkanları ilə bağlı yeni qaydalar müəyyənləşdirilməlidir. Təqaüd yaşının artırılması deyil, pensiyaların aşağı olması əsas müzakirə mövzusu olmalıdır".
Natiq Cəfərli vətəndaşların aldığı pensiyaların məbləğinin getdikcə azalmasının ciddi problem olduğunu vurğulayıb:
"Bu problem gələcəkdə daha da dərinləşəcək. Çünki artıq demoqrafik çətinliklər yaranıb. Doğulan uşaqların sayı azalır, əhalinin yaşlanması isə sürətlənir. Azərbaycanda tətbiq olunan sosial həmrəylik prinsipinə görə, hazırda işləyənlər pensiyaçıların təminatını maliyyələşdirirlər. Lakin gələcəkdə doğum səviyyəsinin aşağı düşməsi və ölkədən miqrasiyanın artması səbəbindən işləyənlərin sayı azalacaq. Bu isə pensiya ödənişlərinin maliyyələşdirilməsində ciddi çətinliklər yaradacaq".
İqtisadçı hesab edir ki, problemin həlli üçün indidən sistemli addımlar atılmalıdır:
"Bu risklərin qarşısını almaq üçün sistemli yanaşmaya və yeni qanunvericilik bazasının yaradılmasına təcili ehtiyac var".

Şərhlər
Vətəndaş yığıdığı kapitalın 90 %-ni pensiya idarəsi 144 aya bölərək vətəndaşa hissə hissə verir . Əgər ki 12 il yaşamasa, və yaxud da 65 yaşa çatmamış həyatını itirərsə bu vəsait də batır.. ad da olur social nazirlik pensiya verir. Yəni Vətəndaş öz vəsaitini yığır, sonra bu vəsiti aylara bölməklə özü özünə qaytarır, ümumi pulun 10 %-ni isə pensiya idarəsi özünə götürür.. Öz zəhmətilə qazandığı və sosial sığortaya ödənən şəxsi pul Banka qoyulsaydı nəvə nəticən 100 il keçsə belə faiz alacaqdı və istənilən vaxtı pulu Tam götürmək mümkün olardı.