Rusiya ordusu şənbə günü günorta saatlarında Ukraynanın Zaporojye, Sumı və Dnepropetrovsk vilayətlərini idarəolunan aviasiya bombaları (IAB/KAB) ilə intensiv atəşə tutub. Hücumlar nəticəsində mülki şəxslər arasında çox sayda ölən və yaralanan var.

“AzPolitika” Ukrayna mediasına istinadən xəbər verir ki, ən ağır zərbə Zaporojye şəhərinə dəyib.

Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun son məlumatına görə, şəhərə endirilən zərbələr nəticəsində 5 nəfər həlak olub, 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd olunur ki, ilkin olaraq 4 nəfərin öldüyü bildirilsə də, sonradan xilasedicilər dağıntılar altından bir qadının da cəsədini çıxarıblar. Rusiya aviasiyasının şəhərə ümumilikdə 9 idarəolunan aviasiya bombası atdığı məlum olub. Zərbələr nəticəsində yaşayış binaları, sosial infrastruktur obyektləri və yerli atçılıq idman klubunun ərazisi zərər çəkib. Həmçinin Preobrajenski körpüsünə ziyan dəydiyindən ərazidə hərəkət məhdudlaşdırılıb.

Rusiyanın hədəfində olan digər bölgələrdə də dağıntı və itkilər qeydə alınıb:

Sumı şəhərinin ətrafına endirilən aviasiya zərbələri nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Vilayət rəhbəri Oleq Qriqorun sözlərinə görə, ən azı 20 şəxsi yaşayış evinə ciddi ziyan dəyib.

Dnepropetrovsk vilayətinin yerli hakimiyyət orqanları dağıntıları və zərərçəkənlərin siyahısını dəqiqləşdirir.

Ukrayna Prezidenti Volodimir Zelenski şənbə günü axşam xalqa müraciətində yaxın saatlarda daha böyük hava hücumunun baş verə biləcəyi barədə xəbərdarlıq edib və vətəndaşları hava həyəcanı siqnallarına ciddi yanaşmağa çağırıb:

“Ruslar yeni irimiqyaslı zərbəyə hazırlaşıblar. Xahiş edirəm, özünüzü qoruyun”, - deyə dövlət başçısı vurğulayıb. Zelenski əlavə edib ki, təkcə son sutka ərzində düşmən Ukrayna tərəfə 200-dən çox zərbə PUA-sı buraxıb.

"AzPolitika.info"