Rusiya ötən il ABŞ ilə Alyaskanın Ankoric şəhərində Ukrayna böhranının nizamlanmasına dair əldə olunduğu iddia edilən razılaşmaların icrasını artıq gözləmir və fərqli hədəflərə yönəlib. Moskva indi ABŞ ilə kompromis yox, müharibədə qələbə əldə etmək niyyətindədir.
"AzPolitika" Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov "VGTRK" telekanalına müsahibəsində bəyan edib.
Uşakov qeyd edib ki, tərəflərdən biri (müəllif – ABŞ nəzərdə tutulur) üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməyib: "Görünən odur ki, tərəflərdən biri yolun özünə aid olan hissəsini keçmək və razılaşmaları icra etmək iqtidarında olmadı. İndi bu barədə artıq açıq danışmaq olar".
Bununla belə, Kremlin rəsmisi sözügedən "razılaşmaların" konkret olaraq nədən ibarət olduğunu açıqlamayıb. Uşakov vurğulayıb ki, Rusiya artıq bu razılaşmaların reallaşmasını deyil, "öz şəxsi hədəflərinə çatmağı" (qələbəni) gözləyir.
Qeyd edək ki, cəmi bir neçə gün əvvəl həm Uşakov, həm də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ankoric razılaşmalarının hələ də yerinə yetirilə biləcəyini istisna etmirdilər. Rusiya rəsmiləri Aİ ölkələrini və Ukraynanı bu razılaşmaları pozmağa çalışmaqda və Rusiyanın məğlubiyyətinə can atmaqda ittiham edirdilər.
Xatırladaq ki, 2025-ci il avqustun 15-də Alyaskada Rusiya və ABŞ Prezidentləri arasında keçirilən görüşdən sonra Rusiya rəsmiləri aylarla "Ankoric ruhu" və ya orada əldə olunmuş "ortaq anlayışlar" barədə bəyanatlar verirdilər. Lakin bu razılaşmaların gizli qalan detalları rəsmi səviyyədə heç vaxt açıqlanmayıb.
Siyasi ekspertlər və şərhçilər ehtimal edirdilər ki, Vaşinqton münaqişənin dondurulmasına tərəfdar çıxıb və bütün Donbasın Rusiyanın nəzarətinə verilməsi barədə Moskvanın tələbi ilə razılaşıb. Lakin Ukrayna bu şərtləri qətiyyətlə rədd edib. ABŞ Prezidenti Donald Tramp isə bu cür gizli razılaşmanın olduğunu təkzib edib.
Hazırda ABŞ administrasiyası vasitəçilik səylərindən tam imtina etmədiyini bildirsə də, Kiyev və Moskva arasındakı danışıqlar prosesi tamamilə dayanıb. Tramp isə son olaraq Fransada keçirilən G7 sammitində Ukraynaya dəstək bəyanatını müdafiə edərək, döyüş meydanındakı vəziyyətin Ukraynanın xeyrinə dəyişdiyini vurğulayıb.
Rasim
"AzPolitika.info"

Şərhlər