Bu ilin ilk 4 ayında Azərbaycanın ümumi ixracatı 12 milyard 535 milyon dollar təşkil edib.
"AzPolitika" xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov məlumat paylaşıb.
Millət vəkilinin sözlərinə görə, ümumi ixracatın 4 milyard 698 milyon dolları qeyri neft-qaz məhsullarının payına düşüb. Xarici ticarət dövriyyəsində ən diqqətçəkən məqam isə qeyri neft-qaz ixracatının 4.4 dəfə artmasıdır. Belə ki, bu ilin cəmi 4 aylıq qeyri-neft ixracı ötən ilin bütöv il üzrə ümumi göstəricisini belə 30 faiz üstələyib.
V.Bayramov qeyri-neft ixracatındakı bu sıçrayışlı artımın pərdəarxası məqamlarına aydınlıq gətirib. İqtisadçı bildirib ki, 4.4 dəfəlik artımın əsas hərəkətverici qüvvəsi qızıl ixracı ilə bağlıdır:
"Artım əsasən işlənməmiş, yarıişlənmiş və toz şəkilində olan qızıl ixracatı ilə şərtlənib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə qızıl ixracı real ifadədə 18 dəfə, cari qiymətlərlə isə tam 37 dəfə artıb. Hesabat dövründə Azərbaycan 3 milyard 599 milyon dollarlıq qızıl ixrac edib".
Deputat qeyd edib ki, ixracatda faizlə deyil, dəfə ilə artım göstərən digər məhsullar da var. Həmin siyahını və ölkəyə daxil olan valyutanın həcmini təqdim edirik:
Şəkər: iracı 4.2 dəfə artıb - ölkəyə 37.5 milyon dollar valyuta gətirib.
Pambıq ipliyi: ixracı 2.6 dəfə artıb - dəyəri 16.4 milyon dollar olub.
Kartof: İxracı 2.1 dəfə artıb - ölkəyə 4 milyon dollara yaxın valyuta qazandırıb.
Bütövlükdə götürdükdə, qızıldan sonra qeyri neft-qaz sektorunda ölkəyə ən çox valyuta qazandıran məhsul təzə meyvələr olub (165.1 milyon dollar). İlk üçlüyü isə 92.7 milyon dollarla pambıq lifi tamamlayıb.
Vüqar Bayramov qeyri-neft ixracatındakı bu artımların iqtisadiyyatın şaxələndirilməsi (diversifikasiyası) baxımından mühüm faktor olduğunu vurğulayıb. Bununla belə, millət vəkili mühüm bir məqama da diqqət çəkib:
"Son artımlar müsbət tendensiyadır, lakin bununla yanaşı, təbii ehtiyata (yeraltı resurslara) əsaslanmayan, sırf istehsal və emal yönümlü qeyri neft-qaz məhsullarının ixracatının təşviqi dövlətin iqtisadi siyasətində prioritet olaraq qalmaqdadır".
Rasim
"AzPolitika.info"

Şərhlər