Rusiyanın Penza vilayətində hüquq-mühafizə orqanları tərəfindən kişilərə qarşı kütləvi reydlərə başlanılıb. 

“AzPolitika” “Teleqram” kanallarına istinadla xəbər verir ki, regional hərbi komissar Andrey Surkov keçirdiyi brifinqdə güc strukturlarının bölgədə reydlər keçirdiyini təsdiqləyib.

Komissarın iddialarına görə, bu reydlər "mütəmadi" xarakter daşıyır və məqsəd hərbi xidmətdən boyun qaçıranların tapılmasıdır:

"Bu növ reydlərin məqsədi çağırışdan, hərbi qeydiyyatdan yayınan, həmçinin hərbi hissəni özbaşına tərk edən vətəndaşların axtarışıdır. Reydlər müntəzəmdir, biz onları polislə birlikdə müəyyən edilmiş müddətlərdə, ayda bir dəfə keçiririk", - deyə Surkov bildirib.

Məlumata görə, iyunun 18-dən etibarən Penza və Serdobsk şəhərlərində kütləvi reydlər aktivləşib. Güc strukturlarının əməkdaşları yollarda avtomobilləri vəctimai nəqliyyatı saxlayırlar. Rosqvardiyanın regional idarəsi bəyan edib ki, qurumlararası reyd zamanı 80 sürücü yoxlanılıb, onlardan hərbi qeydiyyatda olmayan 9 nəfərə rəsmi çağırış vərəqəsi təqdim edilib.

Sosial şəbəkələrdə yayılan videogörüntülərdə isə saxlanılan şəxslər Ukraynaya qarşı müharibəyə göndərilmək üçün Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamağa məcbur edildiklərini bildirirlər. Kütləvi reydlərin başlaması fonunda yerli sakinlər Penza və Serdobskdakı vəziyyəti işıqlandırmaq üçün xüsusi "Telegram" kanalı da yaradıblar.

Hadisələrin böyüməsindən sonra vilayət Daxili İşlər İdarəsi reydləri videoya çəkən şəxslərə xəbərdarlıq edib. Daxili İşlər Nazirliyinin regional bəyanatında iddia olunur ki, sosial şəbəkələrdəki videoların "xüsusi hərbi əməliyyat" zonasına göndərilmə ilə heç bir əlaqəsi yoxdur və polislər qanun çərçivəsində hərəkət edir:

"Polis əməkdaşları Penza vilayəti ərazisində cinayət və hüquq pozuntularının qarşısını alaraq ştat rejimində işləyirlər. Bu vəziyyəti gərginləşdirmək cinayətkarlığın artmasına və cəzasızlığa şərait yaradır. Həmçinin bildiririk ki, qeyri-dürüst məlumat yayan şəxslər Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər", - deyə bəyanatda vurğulanıb.

Rasim

“AzPolitika.info”