Polşa Prezidenti Karol Navrotskinin Ukrayna Prezidenti Volodimir Zelenskini Ağ Qartal Ordenindən məhrum etməsi ətrafında gərginlik səngimir. Əksinə, tərəflərin bir-birinə qarşı addım və bəyanatları daha da kəskin xarakter alır.

“AzPolitika” xəbər verir ki, Ukryana mediasının yazdığına görə, Volodimir Zelenski Ağ Qartal ordenini poçtla Navrotskiyə qaytarandan sonra Ukraynanın digər sabiq başçıları da eyni addımı atıblar.

Qeyd edək ki, Zelenskiyə verilən ordenlə bağlı qərardan sonra Ukraynanın Xarici İşlər naziri Andrey Sibiqa, Ukraynanın Polşadakı səfiri Vasil Bodnar və Prezident Aparatının rəhbəri Kirill Budanov da aldıqları Polşa mükafatlarını geri qaytaracaqlarını açıqlayıblar.

Şənbə günü Zelenski ordenini Karol Navrotskiyə poçtla göndərdiyini açıqladı. Daha sonra, Navrotskinin qərarına cavab olaraq, Ukraynanın ikinci prezidenti Leonid Kuçma 1997-ci ildə təltif edildiyi ordendən imtina etdiyini bildirib. Ondan sonra Ukraynanın üçüncü prezidenti Viktor Yuşşenko və beşinci prezidenti Petro Poroşenko da eyni qərarı veriblər.

Xatırladaq ki, Polşa Prezidentinin bu qərarı Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə UPA (Ukrayna Üsyançı Ordusu) adının verilməsilə izah olunub. UPA Polşanın qənaətinə görə, İkinci Dünya Müharibsəinin sonlarında polyaklara qarşı qətliamlar törədib. Ukraynada isə bu hadisələr qarşılıqlı Polşa-Ukrayna tarixi münaqişəsi kimi şərh olunur. Ukraynada UPA-nın hərəkətləri qəhrəmanlıq hesab olunur və Ukrayna bölmələrinin hərəkətlərinə münasibətdə "soyqırım" termini rədd edilir.

Lakin bir çox analitiklər Polşa Prezidentinin qərarının mübahisəli tarixi hadisələrlə deyil, onun ümumilikdə Ukraynaya qarşı mənfi siyasi mövqeyindən və Navrotskinin Tusk hökumətinə qarşı mübarizəsindən qaynaqlandığını iddia edirlər.

“AzPolitika.info”