2026-cı il dünya çempionatının G qrupunda Belçika ilə qolsuz heç-heçə edən İran milli komandası oyundan sonra maraqlı addımı ilə gündəmə gəlib. 

Los-Ancelesdəki SoFi stadionunda keçirilən qarşılaşmadan sonra iranlı futbolçular soyunma otağında ev sahibi şəhərə ünvanlanmış əl yazısı məktub qoyublar.

İran Futbol Federasiyasının paylaşdığı məktubda ölkənin qədim tarixinə və milli dəyərlərinə vurğu edilib. Mesajda qeyd olunub ki, minilliklərə söykənən İranın ruhu bu gün də güclü şəkildə yaşayır və komanda Los-Ancelesə qürurla gəlib, şərəflə mübarizə aparıb və ləyaqətini qoruyaraq ayrılıb.

Futbolçular həmçinin şəhərin qonaqpərvərliyinə görə təşəkkür edib, komandanı dəstəkləyən azarkeşlərə minnətdarlıqlarını bildiriblər. Məktub sülh, dostluq və qarşılıqlı hörmətin bütün xalqlar arasında hökm sürməsi arzusu ilə yekunlaşıb.

Belçika ilə oyundan sonra 2 xalla qrupda ikinci pillədə qərarlaşan İran seçməsi turnir ərzində əlavə çətinliklərlə də üzləşib. ABŞ-də tətbiq olunan bəzi məhdudiyyətlər səbəbindən komanda dünya çempionatı müddətində ölkə ərazisində daimi qala bilməyib və düşərgəsini Meksikanın Tixuana şəhərində qurmağa məcbur olub.

İran millisi hər oyundan əvvəl Tixuanadan ABŞ-a səfər edib, qarşılaşmalardan sonra isə yenidən Meksikaya qayıdıb. Bundan başqa, komandanın bəzi əməkdaşları və rəsmilərinin ABŞ-yə girişinə də məhdudiyyətlər tətbiq olunub.

"AzPolitika.info"