Ölkədə fəaliyyət göstərən ümumtəhsil məktəblərinin böyük hissəsi 600 və daha yüksək bal toplayan məzun yetişdirə bilməyib.

Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc olunan "2025-ci il tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materiallar"da məlumat verilib.

Statistikaya əsasən, cari ildə ölkənin 3207 ümumtəhsil məktəbinin məzunları I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak edib. Lakin 600 və daha yüksək bal toplayan məzunlar bu məktəblərin yalnız 1095-də olub. Bu isə o deməkdir ki, məktəblərin cəmi 34,14 faizi 600 ballıq məzun yetişdirə bilib, təxminən 66 faizi isə belə nəticə göstərə bilməyib.

Hesabatda diqqət çəkən məqamlardan biri də lisey və gimnaziyaların nəticələri ilə bağlıdır. Belə ki, 600 baldan yuxarı nəticə göstərən 1095 məktəbin yalnız 103-ü lisey və gimnaziyadır. Onlar ümumi məktəblərin cəmi 9,41 faizini təşkil etsələr də, bütün 600 ballıq məzunların 23,11 faizi məhz bu təhsil müəssisələrinin payına düşüb. /Modern.az