Ukraynadakı müharibənin uzanması Donald Tramp administrasiyasını getdikcə daha çox narahat etməyə başlayır. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ-nin BMT-dəki daimi nümayəndəsinin müavini Den Neqri Vaşinqtonun Ukraynanın azadlığını və suverenliyini qorumaqda onun yanında olduğunu bəyan edib.

BMT Təhlükəsizlik Şurasının təcili iclasında Tramp administrasiyasının mövqeyini çatdıran Neqri Rusiyanı dərhal danışıqlara qayıtmağa və sülh müqaviləsi bağlamağa çağırıb. Onun dediyinə görə, artıq bu müharibədə zaman Moskvanın tərəfində deyil.

Neqri Rusiyanın Ukraynanın vacib infrastrukturuna və mədəni irsinə hücumlarını, xüsusən də Kiyev Peçersk Lavrası ərazisinə edilən hücumları qətiyyətlə pisləyib.

Neqri müharibənin çox uzun müddət davam etdiyini və diplomatik yollarla həll edilməli olduğunu vurğulayıb. O, ABŞ Prezidentinin açıqlamalarına istinad edərək, müharibəyə tez bir zamanda son qoyulmasının vacibliyini qeyd edib: "Prezident Trampın ötən həftə G7 sammiti zamanı açıq şəkildə bildirdiyi kimi, Rusiya razılığa gəlməlidir. Zaman Moskvanın tərəfində deyil".

Neqri vurğulayıb ki, Rusiya hər ay təxminən 40.000 əsgərini itirir və onun iqtisadiyyatı ağır vəziyyətdədir. Buna paralel olaraq Ukrayna döyüş meydanında fəal şəkildə innovasiyalar tətbiq edir.

Diplomat deyib: "Yeganə həll yolu daha çox qan tökülməsi deyil, diplomatiya və danışıqlardır. Bu mənasız qətlləri başqa heç nə dayandıra bilməz".

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası 22 iyunda Ukraynanın tələbi ilə təcili iclas keçirib. Buna səbəb Rusiyanın 15 iyun gecəsi Ukrayna şəhərlərinə növbəti kütləvi raket və PUA hücumu olub.

“AzPolitika.info”