Futbol üzrə Dünya Çempionatı təkcə idman hadisəsi deyil, həm də ev sahibi ölkələr üçün nəhəng iqtisadi və infrastruktur layihəsidir. 

Turnirə ev sahibliyi etmək istəyən dövlətlər stadionların tikintisi və yenilənməsi, nəqliyyat infrastrukturunun inkişafı, təhlükəsizlik tədbirləri və turizm obyektlərinin genişləndirilməsi üçün milyardlarla dollar vəsait xərcləyirlər.

Son 30 ilin statistikası göstərir ki, Dünya Çempionatının təşkili üçün çəkilən xərclər ildən-ilə artıb. Xüsusilə Qətərdə keçirilən 2022-ci il Dünya Çempionatı rekord göstərici ilə yadda qalıb. Körfəz ölkəsi turnir üçün təxminən 220 milyard dollar xərcləyib ki, bu da əvvəlki mundialların xərclərini dəfələrlə üstələyir.

1994-cü ildə ABŞ Dünya Çempionatını cəmi 500 milyon dollar xərc hesabına təşkil etmişdisə, 1998-ci ildə Fransada bu rəqəm 2,3 milyard dollara yüksəlib. Yaponiya və Cənubi Koreyanın birgə ev sahibliyi etdiyi 2002-ci il mundialı üçün 7 milyard dollar, Almaniyada keçirilən 2006-cı il turnuvası üçün isə 4,3 milyard dollar vəsait sərf olunub.

2010-cu ildə ilk dəfə Afrika qitəsində təşkil olunan Dünya Çempionatı Cənubi Afrikaya 3,6 milyard dollara başa gəlib. Braziliya 2014-cü ildə 15 milyard dollar, Rusiya isə 2018-ci ildə 11,6 milyard dollar xərc çəkib.

2026-cı ildə ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi Dünya Çempionatının təşkilinə isə təxminən 10 milyard dollar vəsait ayrıldığı bildirilir. 

Mütəxəssislər qeyd edirlər ki, belə iri idman tədbirləri qısamüddətli dövrdə böyük maliyyə yükü yaratsa da, uzunmüddətli perspektivdə turizm, məşğulluq, nəqliyyat və xidmət sektorlarının inkişafına mühüm töhfə verə bilər.

Sözügedən siyahını təqdim edirik:

- Qətər (2022) – 220 milyard dollar

- Braziliya (2014) – 15 milyard dollar

- Rusiya (2018) – 11,6 milyard dollar

- ABŞ / Kanada / Meksika (2026) – 10 milyard dollar

- Yaponiya / Cənubi Koreya (2002) – 7 milyard dollar

- Almaniya (2006) – 4,3 milyard dollar

- Cənubi Afrika (2010) – 3,6 milyard dollar

- Fransa (1998) – 2,3 milyard dollar

- ABŞ (1994) – 0,5 milyard dollar.

"AzPolitika.info"