Vladimir Putin hərbi akademiyaların məzunları ilə qeyri-rəsmi görüşdə Avropanın ünvanına yeni təhdidlər səsləndirib.
“AzPolitika” xəbər verir ki, Rusiya başçısı mediada yayımlanan çıxışında xüsusilə Baltikyanı ölkələri nəzərdə tutaraq, Avropanı hərbi zərbələrlə hədələyib.
Putin deyib ki, əgər Ukraynanın təhriki ilə Avropa ölkələrinin ərazisindən Rusiya hədəflərinə PUA-lar atılarsa, Rusiya onlara cavab zərbələri endirəcək: "Onlar cavab zərbəsi olacağını başa düşürlər. Düşünürəm ki, hamı bunu başa düşür və ya başa düşməlidir. Buna görə də onlar bundan məsafə saxlamaq üçün əllərindən gələni edirlər".
Eyni zamanda, Rusiya Prezidenti Ukraynanın Rusiyaya qarşı dron zərbələrini “cəmiyyəti silkələmək cəhdi” adlandırıb: "Bu qədər böyük təsirə malik, bütün Qərbin onlar üçün çalışdığı bir vaxtda bu dronlar böyük bir axınla göndərilir. Onlar Rusiya Silahlı Qüvvələrinin hərəkətlərində müəyyən inamsızlıq yaratmağa çalışırlar".
Putin həmçinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə sülh danışıqlarına başlamaq üçün heç bir əsas olmadığını bir daha vurğulayıb və yenə bu danışıqlarda maraqlı olmadığını ifadə edib.
Daha əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Baltikyanı ölkələrə xəbərdarlıq etmişdi ki, Rusiya ərazisinə dron hücumları fonunda Moskva özünümüdafiə hüququna malikdir. Rusiya Xarici İşlər Nazirliyi isə Baltikyanı ölkələrə Ukrayna Silahlı Qüvvələrinin dronlarına hava məkanının verilməsinin yolverilməzliyi ilə bağlı "xüsusi xəbərdarlıq" verdiyini bildirmişdi. Estoniya, Latviya və Litva birgə bəyanatda bu ittihamları rədd etmişdilər.
“AzPolitika.info”

Şərhlər