Moskva Qarnizon Hərbi Məhkəməsi tanınmış müsəlman dini xadimi Visam Əli Bardvili barəsində həbs qətimkan tədbiri seçib.

"AzPolitika" xəbər verir ki, bu barədə məlumatı mənbə göstərmədən "Nezıqar" "Telegram" kanalı yayıb.

Məlumata görə, Bardvilin hansı konkret ittihamla istintaq təcridxanasına (SİZO) göndərildiyi rəsmən açıqlanmır. Həbs qərarının cinayət işi üzrə məhkəməyəqədər icraat çərçivəsində qəbul edildiyi bildirilir. Ehtimallara görə, dini xadim terrorizm maddəsi ilə ittiham olunur.

Qeyd olunur ki, Visam Əli Bardvil bundan əvvəl "karusel həbsləri"nə (ardıcıl inzibati həbslər - red.) məruz qalıb. Mayın ortalarında "Şeremetyevo" hava limanında saxlanıldıqdan sonra o, polisə tabesizlik və xırda xuliqanlıq maddələri ilə ard-arda üç dəfə inzibati qaydada həbs edilib.

Visam Əli Bardvil Rusiyaya 1993-cü ildə gəlib və 2000-ci ildə bu ölkənin vətəndaşlığını alıb. O, 2001-2014-cü illərdə Kareliya Müsəlmanları Ruhani İdarəsinə rəhbərlik edib, daha sonra isə Moskvanın Cənubi Butovo rayonundakı məscidin imamı olub.

Xatırladaq ki, cari ilin may ayında Rusiyada dini xadimlərin kütləvi şəkildə saxlanılması və həbsi dalğası baş verib. Saxlanılan müftilərin hamısı Ravil Qaynutdinin rəhbərlik etdiyi Rusiya Müsəlmanları Ruhani İdarəsi (RMRI) ilə bağlı şəxslərdir.

Son illərdə sözügedən təşkilatla Rusiya hakimiyyəti arasında ciddi münaqişələr yaranıb. Çəkişmələrə əsas səbəb kimi idarənin çoxarvadlılıq barədə verdiyi fətva və RMRI strukturları tərəfindən nəşr olunan bəzi islam materiallarının Rusiya tərəfindən "ekstremist" elan edilməsi göstərilir.

Rasim

“AzPolitika.info”