Ukrayna Təhlükəsizlik Xidmətinin bu gün Krımda keçirdiyi xüsusi əməliyyat çərçivəsində Kerç yaxınlığındakı Hava Hücumundan Çüdafiə sistemləri, eləcə də “Saki” və “Qvardeyskoye” hərbi aerodromlarının infrastrukturu hədəfə alınıb.

Bu barədə “RBK-Ukraine” Ukrayna Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Məlumata əsasən, “Saki” hərbi aerodromunda aviasiya texnikasının saxlanılması üçün istifadə olunan dörd anqar vurulub.

Bundan əlavə, “Qvardeyskoye” hərbi aerodromunun infrastrukturuna da zərbələr endirildiyi bildirilir.

Məlumata görə, Kerç yaxınlığında S-400 zenit-raket kompleksinin tərkibinə daxil olan iki sistem, iki “Pantsir-S1” zenit-raket-top kompleksi məhv edilib.

Ukrayna Təhlükəsizlik Xidmətinin açıqlamasında bildirilir ki, Rusiya ordusu Krım səması üzərində nəzarəti itirir: “Məhv edilən hər bir Hava Hücumundan Müdafiə sistemi və vurulan hər bir hərbi aerodrom Ukraynanın növbəti zərbələri üçün yeni imkanlar yaradır”.

Bundan əlavə, iyunun 24-nə keçən gecə Sevastopolda Balaklava İstilik Elektrik Stansiyasına zərbə endirildiyi, ardınca isə şəhərdə genişmiqyaslı elektrik kəsintilərinin baş verdiyi bildirilir. /Apa