BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO), ABŞ-İsrail koalisiyasının İrana qarşı müharibəsi səbəbindən Fars körfəzində sıxışıb qalmış 11 mindən çox dənizçini təxliyə etməyə hazırlaşır.

“AzPolitika” xəbər verir ki, IMO-nun Baş katibi Arsenio Dominqes bu "genişmiqyaslı əməliyyatın" İran, Oman, ABŞ, regionun digər sahilyanı dövlətləri və dənizçilik sənayesi ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcəyini bildirib. Dominqes qeyd edib ki, əməliyyatın təhlükəsizliyinə dair lazımi təminatlar alınıb və gəmilərin təhlükəsiz hərəkəti üçün şərait tam yoxlanılıb: "Minlərlə günahsız dənizçinin aylarla çəkdiyi əzab-əziyyətdən və bunun bütün dünyaya mənfi təsirlərindən sonra, ABŞ və İran arasında bağlanan sülh sazişini dərin məmnuniyyətlə qarşılayıram".

Təxliyə planına əsasən, Hörmüz boğazından iki müvəqqəti marşrut istifadə olunacaq və gəmilərlə fərdi qaydada əlaqə saxlanılacaq.

Ötən həftə münaqişəyə son qoymaq üçün tərəflər arasında müvəqqəti saziş imzalansa da, ABŞ və İran arasında Anlaşma Memorandumunun (MoU) detalları ətrafında fikir ayrılıqları və toqquşmalar davam edir.

Vaşinqton sənədə İranın nüvə silahı proqramının MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) tərəfindən yoxlanılması bəndinin daxil edildiyini israr edir. ABŞ Prezidenti Donald Tramp sosial şəbəkədəki paylaşımında yazıb: "İran gələcəkdə (sonsuzluğa qədər!!!) ən yüksək səviyyəli nüvə təftişlərinə tamamilə razılaşdı. Bu, 'Nüvə Dürüstlüyünü' təmin edəcək".

Lakin Trampın bu bəyanatından bir qədər əvvəl Tehran bəyan edib ki, BMT-nin nüvə rəsmiləri ötən il ABŞ və İsrail tərəfindən bombalanmış nüvə obyektlərində yoxlama apara bilməyəcəklər. ABŞ rəsmiləri isə bunu İran rejiminin daxili auditoriya üçün verdiyi bəyanat kimi qiymətləndiriblər.

Pakistan rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian çərşənbə axşamı bəyan edib ki, ölkəsi "müdafiə potensialı barədə heç vaxt, heç bir şəraitdə heç kimlə danışıqlar aparmayacaq".

Pakistanın Baş naziri Şahbaz Şərif də Pezeşkianla birgə mətbuat konfransında ballistik raketlərin ABŞ-İran danışıqlarında ümumiyyətlə müzakirə mövzusu olmadığını və memoranduma daxil edilmədiyini təsdiqləyib.

Bu arada, ABŞ Dövlət katibi Marko Rubio sülh sazişini müzakirə etmək üçün Körfəz ölkələrinə səfərə başlayıb. BƏƏ-yə gələn dövlət katibi, İrana xəbərdarlıq edərək bəyan edib ki, Hörmüz boğazından keçən gəmilərdən rüsum tələb olunması beynəlxalq hüquqa ziddir:

"Bura beynəlxalq su yoludur. Heç bir ölkənin beynəlxalq su yolunda rüsum və ya ödəniş tələb etmək hüququ yoxdur. Bu, mövcud beynəlxalq hüquqdur və region ölkələrinin də bizimlə eyni fikirdə olduğunu düşünürəm".

Rubio BƏƏ-dən sonra ABŞ hərbi bazalarına ev sahibliyi edən Küveyt və Bəhreynə də səfər edəcək.

Fevralın 28-də İrana qarşı hərbi əməliyyatlar başlayandan sonra Hörmüz boğazının faktiki olaraq bağlanması qlobal neft qiymətlərinin "Brent" markası üçün 100 dolları ötməsinə səbəb olmuşdu. Bu blokada, həmçinin gübə daxil olmaqla mühüm xammal və enerji daşımalarını iflic etmişdi.

"Kpler" analitik şirkətinin son məlumatlarına görə, boğaz yenidən açılandan bəri oradan ən azı 172 gəmi keçib. Lakin bu göstərici müharibədən əvvəlki gündəlik orta hesabla 138 gəmi keçidi səviyyəsindən hələ də çox aşağıdır. BBC-nin peyk məlumatlarının təhlilinə görə, hazırda boğaz daxilində 200-dən çox tankerin hələ də gözləmə mövqeyində olduğu bildirilir.

Rasim Əliyev

“AzPolitika.info”