Sabah Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, iyunun 25-də şimal-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25 dərəcə isti olacaq.

Səhiyyə Nazirliyinin rəsmi saytında dərc olunan məlumata görə isə, bəzi çimərliklərdə dəniz suyundan çimmək məqsədilə istifadənin müvəqqəti məhdudlaşdırılıb.

"2026-cı ilin yaz-yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən dəniz suyunun keyfiyyətinə nəzarət tədbirləri ilin əvvəlindən aylıq əsasda həyata keçirilib. May ayından etibarən isə monitorinqlərin intensivliyi artırılıb və həftəlik qaydada davam etdirilir. Götürülən dəniz suyu nümunələri Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında fiziki-kimyəvi və mikrobioloji göstəricilər üzrə müayinə olunur”.

Səhiyyə Nazirliyinin məlumatında bildirilib ki, istirahət mövsümü ərzində dəniz suyu nümunələri xüsusi təhlükəli yoluxucu xəstəliklərə nəzarət məqsədilə əlavə olaraq Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyalarında da tədqiq edilir:

“Aparılmış laborator müayinələrin nəticələrinə əsasən bəzi ərazilərdə götürülmüş dəniz suyu nümunələrində kimyəvi və mikrobioloji göstəricilərin qüvvədə olan sanitariya norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilib. Monitorinqlər zamanı Bakı şəhərinin Xəzər rayonunun Türkan, Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil qəsəbələrində, həmçinin Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi, Kiçik Bazar yaşayış məntəqəsi və Xaçmaz rayonunun Niyazoba ərazisində yerləşən çimərliklərdə sanitariya-mühafizə zonalarının tullantı və çirkab suları ilə çirklənməsi nəticəsində dəniz suyunun keyfiyyət göstəricilərində normativ tələblərdən kənarlaşmalar qeydə alınıb”.