Konqo Demokratik Respublikasında (KDR) son sutka ərzində daha 14 nəfərin həyatını itirməsi ilə Ebola hemorragik qızdırmasından ölənlərin sayı 291 nəfərə yüksəlib.

Bu barədə məlumat ölkənin Rabitə və Kütləvi İnformasiya Vasitələri ilə İş üzrə Nazirliyinin gündəlik hesabatında yer alıb.

Məlumata görə, Ebola virusuna yoluxanların ümumi sayı da artaraq 1 118 nəfərə çatıb. Son 24 saatda 24 yeni yoluxma faktı qeydə alınıb. Hazırda xəstəlik üzrə ölüm göstəricisi 26 faiz səviyyəsində qiymətləndirilir.

Bildirilir ki, hazırda 408 nəfər xəstəxanalarda və xüsusi təcrid mərkəzlərində müalicə olunur. Eyni zamanda, 122 nəfər sağalaraq evə buraxılıb.

Səhiyyə qurumları təmasda olmuş şəxslərin izlənməsi istiqamətində işləri davam etdirir. Bu göstərici hazırda 77,1 faiz təşkil edir.

Nazirlik epidemioloji vəziyyətin ciddi nəzarət altında saxlanıldığını qeyd edib. Son dövrdə Ebola ilə bağlı şübhəli hallar barədə 699 bildiriş daxil olub. Onların 99,4 faizi laborator müayinədən keçirilib və nəticədə 138 potensial yoluxma faktı müəyyən edilib.

Xatırladaq ki, hazırkı Ebola epidemiyası mayın 15-də Konqo Demokratik Respublikasının şərqində başlayıb. Xəstəliyin əsas yayılma ocağı İturi əyaləti hesab olunur. Eyni zamanda, qonşu Uqandada da Ebola infeksiyasına yoluxma və ölüm halları qeydə alınıb. /Trend