Rəsmi mənbələrin və yerli operativ qərargahların yaydığı məlumata görə, iyunun 25-nə keçən gecə Ukrayna Ordusu pilotsuz uçuş aparatları (PUA) vasitəsilə növbəti dəfə Rusiyanın Krasnodar diyarındakı "Poltavskaya" neft bazasına uğurlu zərbə endirib.
Krasnoarmeyski rayonunun icra başçısı Aleksandr Xaritonov və OSINT monitorinq kanallarının yaydığı məlumata görə, hücum nəticəsində neft bazasının ərazisindəki 3 yanacaq çəni (çən parkı ümumilikdə 28 rezervuardan ibarətdir) alışıb və güclü yanğın baş verib. Rusiya tərəfi rəsmi olaraq yanğının "vurulan PUA qalıqlarının düşməsi" səbəbindən yarandığını iddia edir.
Hadisə ilə əlaqədar Poltavskaya qəsəbəsi ilə Trudobelikovski yaşayış məntəqəsi arasındakı avtomobil yolu hərəkət üçün müvəqqəti bağlanıb. İlkin məlumatlara görə, ölən və yaralanan yoxdur.
"Poltavskaya" neft bazası Krasnodar şəhərindən təxminən 80 km qərbdə yerləşir və cəbhə xəttindən məsafəsi təbii olaraq 385 kilometrdən çoxdur. Bu infrastruktur obyekti regional əhəmiyyət daşıyır:
Başda "Lukoil" olmaqla, iri neft emalı zavodlarının məhsullarını qəbul edir;
Krasnodar diyarı və Adıgeya Respublikasındakı geniş yanacaqdoldurma məntəqələri (YDM) şəbəkələrinin əsas təchizat bazası rolunu oynayır;
Bu, cari ay ərzində həmin obyektə edilən üçüncü uğurlu hücumdur, daha əvvəl iyunun 6-sı və 16-da da bazaya zərbələr endirilmişdi.
Bu zərbələr fonunda iyun ayının əvvəlindən etibarən Krım və Krasnodar diyarında ciddi benzin və dizel qıtlığı müşahidə olunur. Region rəsmiləri 500-dən çox YDM-də yanacağın tükəndiyini təsdiqləyiblər. Ümumilikdə, Ukrayna ordusunun Rusiyanın cənub və mərkəzi hissələrindəki neft emalı zavodları və bazalarına ardıcıl hücumları nəticəsində ölkədə benzin istehsalının təxminən 25%-ə qədər azaldığı bildirilir.
Rasim
"AzPolitika.info"

Şərhlər