Bakıda “Yol hərəkəti təhlükəsizliyi: hüquq və vəzifələr” və “Müasir şəhərsalmada piyada təhlükəsizliyi” layihələri çərçivəsində ictimai müzakirə keçirilib. 

Tədbirdə deputatlar, nəqliyyat ekspertləri, media və ictimaiyyət nümayəndələri iştirak edərək yol hərəkəti təhlükəsizliyi, piyada mədəniyyəti və nəqliyyat infrastrukturunda mövcud problemləri müzakirə ediblər.


Müzakirələr zamanı çıxış edən nəqliyyat eksperti və "Jurnalistika və İnkişaf Mərkəzi" İctimai Birliyinin sədri Elməddin Muradlı bildirib ki, bu ilin ilk beş ayında ölkədə 437 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu qəzalar nəticəsində 242 nəfər həyatını itirib, 300-dən çox şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Ekspert dəmir yolu keçidlərində baş verən təhlükəli hallara da diqqət çəkib. Onun sözlərinə görə, bəzi hallarda dəmir yolu xətlərinin üzərinə daş və digər kənar əşyalar qoyulur ki, bu da qatarların hərəkəti üçün ciddi təhlükə yaradır. O qeyd edib ki, dəmir yolu infrastrukturuna qəsdən müdaxilə ağır nəticələrə səbəb ola biləcək hüquqpozma hesab olunur və bu sahədə nəzarət mexanizmlərinin gücləndirilməsinə ehtiyac var.

Tədbirdə piyada təhlükəsizliyinin artırılması, yol-nəqliyyat hadisələrinin sayının azaldılması, sürücülərin və piyadaların məsuliyyət hissinin yüksəldilməsi istiqamətində görüləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. İştirakçılar şəhərsalma prosesində piyadaların təhlükəsiz hərəkətinin təmin edilməsinin vacibliyini vurğulayaraq müxtəlif təklif və tövsiyələr səsləndiriblər.

Milli Məclisin deputatları Vüqar Rəhimzadə və Arzuxan Əlizadə çıxışlarında piyada təhlükəsizliyinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib, ictimai təşəbbüslərin bu sahədə mühüm rol oynadığını bildiriblər.

Tədbirdə çıxış edən Toğrul Nəsirli isə piyadaların da yol hərəkəti qaydalarına əməl etməsinin vacibliyini vurğulayaraq onların üzərinə düşən məsuliyyətlərdən danışıb.

Çıxış edənlər ümumilikdə qeyd ediblər ki, yol hərəkəti və nəqliyyat təhlükəsizliyi sahəsində mövcud problemlərin həlli üçün dövlət qurumları, ekspertlər, vətəndaş cəmiyyəti institutları və ictimaiyyət arasında əməkdaşlığın daha da genişləndirilməsi vacibdir.

"AzPolitika.info"